Modern.az

Orfoqrafiya Komissiyası mübahisəli QAYDALARI hələ Nazirlər Kabinetinə verməyib  

Orfoqrafiya Komissiyası mübahisəli QAYDALARI hələ Nazirlər Kabinetinə verməyib   

29 Yanvar 2018, 13:42

Bir müddət əvvəl AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyası Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsiplərini müzakirə etmişdi.

Müzakirədən sonra  “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

AMEA-nın Dilçilik  İnstitutu tərəfindən Orfoqrafiya Komissiyasının bəzi sözlərlə bağlı təklifinin məqbul sayılması ictimaiyyət arasında müzakirələrə, səbəb olsa da, narazılıq və etiraz doğuran məsələ hələ ki qüvvəyə minməyib.

Komissiya yanvar ayının sonlarında qaydaları Nazirlər Kabinetinin ixtiyarına verəcəyi barədə açıqlama vermişdi.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli  Modern.az-a açıqlamasında deyib ki, Komissiyanın tərkibində ayrıca İşçi qrupu yaradılıb.

“Orfoqrafiya Komissiyası Azərbaycan ictimaiyyətinin ilk dəfə olaraq müzakirəyə təqdim etdiyi Azərbaycan dilli orfoqrafiya qaydaları artıq bir aydır ki, geniş müzakirə olunur. Bu Azərbaycan elminin tarixində ictimaiyyətin  açıq müzakirəsinə verilən ilk böyük elmi layihədir. Cəmiyyətin ən müxtəlif qütblərini təmsil edən mütəxəssislər, müəllimlər, jurnalistlər və sadə vətəndaşlar Azərbaycan dilinə həssas münasibətlərini müzakirə zamanı bildiriblər. Komissiya çoxsaylı yazılı rəylər də alıb. Azərbaycan dilinin orfoqrafiya qaydalarının elmi cəhətdən faydalı əsaslandırılmış müsbət təklifləri var. Təəssüf ki, təkliflər içində professional olmayan, qeyri-elmi olan fikirlər də var. Ona görə də bütün təklifləri sistemləşdirmək üçün İşçi qrupu yaradıb. Efirdə səsləndirilən, yazılı şəkildə dilə gətirilən sözləri İşçi qrupu sistemləşdirir və ümumiləşdirir. İşçi qrupu bunları yekunlaşdırıb Orfoqrafiya Komissiyasına təqdim edəcək”.

İsa Həbibəyli müzakirələrə səbəb olan “əsgər” və “alqı-satqı” sözlərinin yazılışı barədə də danışıb:

“Hazırda gedən proseslərə müdaxilə etmək istəmirəm. Bu günə qədər mətbuatda səslənən və bizə təqdim olunan rəyləri nəzərə alsaq, böyük əksəriyyət “əsgər”, “alqı-satqı” kimi sözlərin tarixi ənənəvi formada olmasını bildirir. Yəni “əsgər”, “İsgəndər” kimi sözlərin “g” ilə yox, “k” ilə yazılması məqsədəuyğun hesab olunur. “Alqı-satqı” sözlərini də ictimaiyyətin çoxu “alğı-satqı” kimi təklif edir. Təbii, yenə də son sözü Komissiya deyəcək. Bunlar dövlət əhəmiyyətli və məsuliyyətli işdir. Bu, bir nəfərin iradəsi ilə həll oluna bilməz. Komissiya kollektiv şəkildə dilçi alimlərlə sözləri gözdən keçirib sonra qərar verəcək”.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI