Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı uğrunda mübahisələr uzun müddət davam edib. Məlumdur ki, Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin adına onun eks-müavini Razi Nurullayevin rəhbəri olduğu təşkilat da iddia edir. R.Nurullayev AXCP-dən ayrılan bir qrupla eyni adlı partiya yaratdığını bəyan etsə də, hələ ki bunu rəsmiləşdirə bilməyib. Yəni AXCP adına iddia edən Razi Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilat Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.
Hazırda hər iki cəbhə arasında “əsl AXCP bizik” mübarizəsi davam edir. Baxmayaraq ki, rəsmi sənədlərdə Əli Kərimlinin rəhbərlik etdiyi təşkilat AXCP kimi tanınıb, ikincilər də iddialarından geri çəkilmək haqda düşünmədiyini bəyan edib.
Digər tərəfdən 2018-ci ilin oktyabrında Azərbaycanda mühüm siyasi hadisə baş verəcək - növbəti prezident seçkiləri keçiriləcək.
Maraqlıdır, seçkilər yolunda addımlayan “əsl cəbhə” hansıdır?
AXCP adına iddia edən Razi Nurullayev Modern.az saytına açıqlamasında deyib ki, onlar AXCP olaraq Əbülfəz Elçibəyə sahib çıxa bilib:
“Elçibəyin ideyalarını yaşatmaq və həyata keçirmək, əziz xatirəsini həmişə uca tutmaq üçün əlimizdən gələni edirik. Çünki, Əbülfəz Elçibəy Azərbaycanın müxalif düşərgəsinin birləşdirici simasıdır. O, haqq dünyasında olsa da, yenə də xalqımıza yardımçıdır. Biz sübut edə bilmişik ki, haqq dünyasında olan Elçibəyin bizim dəstəyimizə ehtiyacı yoxdur, bizim ona ehtiyacımız var. Elçibəy ideyalarına yaxın olduğumuza görə, AXCP adı ilə bağlı stereotipləri qıra bilmişik. Bunu, hərçənd ki, sizlər daha yaxşı görə bilərsiniz. Keçən müddət ərzində AXCP adını qürurla daşıya bilmişik, zəifləməmişik, daha da güclənmişik. Bunu gənclərə, qadınlarla və rayonlarda ayrı-yarılıqda keçirdiyimiz tədbirlər də əyani şəkildə göstərir”.
R.Nurullayev qeyd edib ki, əvvəl, onları AXCP kimi dillərinə gətirmək istəməyənlər indi bunu həvəslə edirlər:
“Bizi AXCP kimi təqdim edənlərin sayı keçən illərlə müqayisədə 7-8 dəfə çoxalıb. Bu da göstərir ki, stereotiplər qırılıb və qırılmaqdadır. Bizim üçün ad önəmli deyildi. Bu ad Əbülfəz Elçibəylə bağlı olduğu üçün bizə dəyərlidir, qiymətlidir”.