2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da seçkilərin şəffaflığı baxımından “exit-poll” keçirilir. “Exit-poll” sorğusu üzrə ixtisaslaşmış təşkilatlardan biri “ELS” Müstəqil Araşdırmalar Mərkəzidir. Bu qurum ölkədə keçirilən bir neçə seçkidə və referendumda “exit-poll” sorğusu həyata keçirib.
Təşkilat bu dəfə də fürsətdən yararlanmağı nəzərdə tutur.
Mərkəzin sədri İradə Yaqubova Modern.az-a deyib ki, “ELS” Azərbaycanda bəlkə də yeganə təşkilatdır ki, 2008-ci ildən başlayaraq bütün seçkilərdə, referendum da daxil olmaqla “exit-poll” keçirir.
“Bu keçiriləcək prezident seçkilərində də “exit-poll” keçirməkdə maraqlıyıq. İsyəyirik ki, budəfəki prosesi də müşahidə edək və həmişə olduğu kimi, vaxtında nəticələri elan edək. Hələ ki hazırlıqlar barədə danışmaq tez olar. Bir müddət sonra müəyyən təşkilatı işlərə başlayacağıq. Rəsmi olaraq hazırlıq kampaniyası seçkilərə 3 ay qalmış başlayır. Biz bütün qayda-qanunlara uyğun olaraq hərəkət edəcəyik”.