Modern.az

Azərbaycandakı yaxşı və pis restoranları necə seçməli... - Turizm ekspertindən vacib TƏKLİF  

Azərbaycandakı yaxşı və pis restoranları necə seçməli... - Turizm ekspertindən vacib TƏKLİF   

3 Fevral 2018, 11:12

Xarici ölkələrdə əksər restoranların özünəməxsus reytinqi mövcuddur. Buna uyğun olaraq onlara ya ulduz ya da fərqli simvollar verilir. Nəticə olaraq həmin ölkələrə səyahət edənlər, o cümlədən yerli əhali də restoran seçimində çətinlik çəkmirlər.

Bəs Azərbaycanda restoranların xidmət səviyyəsi  necə ölçülür?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a bildirib ki,  ulduz sistemi ən uğurlu seçimdir:


“Restoranların xidmət səviyyəsini ölçmək üçün Fransadakı üsulu seçmək olar. Həmin ölkədə restoranlara ulduzlar verirlər. Bununla da hansı restoranın daha yaxşı xidmət etdiyini müəyyənləşdirə bilirlər. Təbii ki, onlar pis işlədiyi halda həmin ulduzlar geri alınır. Ulduz sistemi restoran xidmətində önəmli rol oynayır. Lakin bizdə yalnız otellərdə fəaliyyət göstərən restoranların ulduzları ola bilər. Bu da birbaşa ulduzlu otellərin nəzdində xidmət etdiklərinə görədir. Amma ayrıca ulduzlu  restoranlarımız yoxdur. Belə restoranlar olarsa, həm yenilik olar, həm də turizm baxımından yaxşı olar. Bunun üçün ekspertlər işləyə bilərlər.

Azərbaycanda həm milli mətbəxi, həm də Avropa  mətbəxini təqdim edən  restoranlarda ulduz sisiteminin tətbiq edilməyi pis olmazdı. Bu, restoranların rəqabət səviyyəsini artırar və müştərilərə qarşı məsuliyyət hissi yaradar. Təəssüf ki, bu sistem bizdə hələ mövcud deyil. Azad və sağlam rəqabət üçün restoranların reytinqini müəyyən etmək istiqamətində metodlar tətbiq etməliyik”.

M.Ağakərimov qeyd edib ki, turizmin inkişafı üçün həmçinin ailəvi restoranların da sayı artırılmalıdır:

“Bilirsiniz, həm otellərin nəzdində, həm də müstəqil fəaliyyət göstərən restoranlar var. Onların xidmət səviyyəsinə qeyd etdiyim kimi ulduzlar verilsə, daha məqsədəuyğundur. Həmin restoranlar Kütləvi İnformasiya Vasitələrində təbliğ olunardı və bu da onların özü üçün yaxşı olardı. Bu cür metodun tətbiqi sayəsində insanlar harada sağlam qidaların verildiyini, yeməklərin hansı ərzaqlardan hazırlandığını, içkilərin hansı keyfiyyətdə olduğunu bilərdi. Məsələn, siz ailənizlə bir yerə getmək istəyəndə və ya qonaqları harasa aparmağı düşünəndə daha asan seçim edə bilərsiniz.

Sovet dövründə Bulvar tərəfdə “Ana və uşaq kafesi” adlı yaxşı bir kafe, həm də pəhriz yeməkləri təklif edən kafelər  fəaliyyət göstərirdi. İndi də bu tipli restoran və kafelərin fəaliyyəti qənaətbəxş olardı. Bu daha çox turist cəlb etməyə şərait yaradar. Məsələn,  fikir verin, İrandan gələn turistlər adətən ailəvi gəlirlər. Ümumiyyətlə əksər  şərq  ölkələri belədir. Onlar üçün xüsusi ailəvi restoranların mövcud olması turizmə müsbət təsir göstərərdi”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi