Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütüntəhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəsbir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıqsəmada olmağa üstünlük verir.
Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?
Modern.az saytı “Deputatların bazar günü” rubrikasını təqdim edir.
27 saylı Sabunçu ikinci seçki dairəsindən seçilən deputat Dilarə Cəbrayılova bazar günlərini ailəyə və uşaqlara həsr etdiyini deyir.
“Evdə qızım kiçik yaşlarında olduğu üçün bazar günlərimi daha çox ona həsr edirəm. Uşaqların öz dünyası olur. O dünyanı dağıtmaq olmaz. Ona görə də çalışıram ki, qızımın yaşına uyğun əyləncə mərkəzlərinə aparım. Çünki uşaq beyni ağ kağız kimidir. Nəyi necə gördüsə o da yaddaşında həkk olub qalır. Ümumilikdə götürsək, şənbə-bazar günləri ailəmlə birgə oluram. Daha çox şənbə günləri ev işləri görürəm ki, bazar günü uşaqlarla harasa gedə bilim. Bazar günləri digər işləri də çatdırmağa çalışıram. Ev işləri, məişət qayğıları ilə məşğul oluram”.
64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilən deputat Rüstəm Xəlilov deyir ki, bazar günlərini nəvələrin əhatəsində keçirir.
“Bazar günü adından da bəlli olduğu kimi insanların istirahəti deməkdir. Gərgin iş həftəsinin sonunda mütləq dincəlmək lazımdır. Mən də çalışıram ki, bazar günümü daha yaxşı və səmərəli keçirim. Əsasən ailəyə vaxt ayırıram. Nəvələrlə yaxşı vaxt keçirməyə çalışıram. Axşamlar piyada gəzməyə üstünlük verirəm. Bəzən olur ki, müəyyən işlər olduğundan bazar günü tam istirahət etmək olmur. Çünki iş adamları bütün işlərini məhz bazar gününə saxlayır. Ona görə də elə bazar günündə də yorulmaq mümkündür. Bütün bunlara baxmayaraq bazar gününü adına uyğun keçirmək lazımdır”.