Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik Əhliman Əmiraslanov bu gün Milli Məclisdə vətəndaşları növbəti dəfə qəbul edib.
Modern.az xəbər verir ki, təmsil etdiyi seçki dairəsindən olan seçiciləri və sağlamlıqlarında olan müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən Əhliman Əmiraslanov onları narahat edən məsələləri dinləyib. Qəbulda müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı müraciətlərlə yanaşı, seçicilərin sosial problemlərinin həll edilməsi üçün müraciətlər də olmuşdur. Əhliman Əmiraslanov qəbula gələn insanların problem və təkliflərini, eyni zamanda müvafiq orqanlara müraciət etmək üçün zəruri olan sənədləri qəbul edərək bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirdi.