Modern.az

Namiq Məna Yazıçılar Birliyinin filial rəhbəri kimi görəcəyi işlərdən danışdı

Namiq Məna Yazıçılar Birliyinin filial rəhbəri kimi görəcəyi işlərdən danışdı

13 Fevral 2018, 11:36

Azərbaycan Yazıçılar Birliyinin (AYB) yeni yaradılan Qubadlı bölməsinin sədri, tanınmış meyxanaçı Namiq Məna Sumqayıt şəhərində rayonun ədəbi cameəsi ilə ilk görüşünü keçirib. Halbuki, bundan əvvəl meyxanaçının sədr seçildiyi bildirilsə də, AYB məlumatı təkzib etmişdi.


Maraqlıdır, tanınmış meyxanaçı AYB bölməsinin sədri kimi hansı işlər görəcək?


Bu barədə Namiq Məna Modern.az saytına danışıb. O bildirib ki, Azərbaycan Yazıçılar Birliyi Qubadlı regional bölməsinin tərkibinə üç rayon daxildir:


“Bunlar Kəlbəcər, Zəngilan və Laçındır. Bir neçə gün bundan öncə  Birliyin üzvləri ilə tədbir keçirdik. Eyni zamanda, ora orta məktəbdən şagirdlər dəvət etmişdik. Ümumiyyətlə, Qubadlı rayon Təhsil şöbəsi ilə danışıb xahiş etmişəm ki, məktəblərdə görüşlər təşkil edilsin. Məşhur şairlər və yazarlarla birgə bunu etmək fikrimiz var. Eyni zamanda, bizim özümüzə məxsus zalımız var və orada ayda iki dəfə tanınmış şair, yazıçıların görüşünü keçirmək, onları cəmiyyətə daha yaxından tanıtmaq istəyirik. Bundan əlavə, hərbi hissələrdə  də eyni tədbirlərin reallaşması istiqamətində işlər görəcəyik”.

N.Məna qeyd edib ki, artıq dekabrdan etibarən sədr kimi fəaliyyət göstərir:

“İki-üç ay bundan qabaq AYB-nin Qubadlı filialının sədri seçilmişdim. Lakin katibliyin qərarı açıq qalmışdı. Dekabrın 21-dən katiblik qərar verdi və təyinatım oldu. Bu baxımdan Qubadlı rayonun icra başçısı Məlik İsaqov və Yazıçılar Birliyinin sədri Anar müəllimə borcluyam. Onların çox böyük əməkləri var.  Hazırda məqsədimiz ədəbi mühitdə canlanma yaratmaqdır. Ümumiyyətlə, neçə illərdir, AYB-nin üzvü idim. Çoxdan istəyirdik ki, belə bir bölmə yaradaq. Yazıçılar Birliyinin üzvləri yığıldı, böyük tədbir keçirdik. Açığı, sədr seçiləcəyimi bilmirdim. Tədbirdə təklif olundu, etimad göstərdilər. Düşündüm ki, bu, sırf mənim sahəmə aid məsələdir və öhdəsindən gələ bilərəm”.


Meyxanaçı qeyd edib ki, AYB-nin bölmə sədri seçilmə xəbərini təkzib etməsinin səbəbi katibliyin qərarı ilə bağlı idi: “Mən AYB-nin Qubadlı filialının sədri seçilmişdim, amma təsdiq edilməmişdi. Onlar mənimlə maraqlandılar, tam məlumat toplayıb qərar verdilər. Yəni burada heç bir qeyri-adi proses baş verməmişdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi