Modern.az

Magistratura imtahanlarının nəticələri yaxın 2 gündə açıqlanacaq

Magistratura imtahanlarının nəticələri yaxın 2 gündə açıqlanacaq

Aktual

26 Fevral 2018, 11:30

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini başa çatdırıb.

Dövlət İmtahan Mərkəzindən Modern.a-a bildirilib ki, imtahanların cavabları yaxın 2 gün ərzində açıqlanacaq.


“Magistraturaya imtahanlar dünən başa çatıb. Ona görə də imtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulub”.


Qayda pozuntularına gəlincə, dəqiqləşdirmə aparıldığı söylənilib.


 “Səhər saatlarından etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılıb. Protokollar tam oxunduqdan sonra imtahana gəlməyən və ya hər hansı bir səbəbdən imtahandan xaric olunanlar haqqında məlumatları dəqiqləşdirə biləcəyik”.

 

Magistraturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apellyasiya Komissiyasına fevralın 26-dan 28-nə kimi saat 10:00-dan 17:00-dək şəxsən müraciət edə bilərlər. Müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti təqdim olunmalıdır.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılıb.

İmtahanda iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. Onlardan 11205 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlar olub. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 3, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunub.

Bakıda 10705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavr imtahan verib. İmtahanın idarə olunmasına 123 imtahan rəhbəri, 1153 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci il ildəndir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi