Məlumdur ki, dövlət qulluğuna qəbul 2 mərhələdən ibarət olan müsabiqə əsasında həyata keçirilir. Namizədlər əvvəlcə test imtahanında öz bilik və bacarıqlarını yoxlayır, test imtahanından uğurla keçənlər sonra müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsini uğurla başa vuranlar müsabiqədən keçmiş hesab edilirlər. Yəni müsahibə mərhələsini uğurla başa vuran namizədlərdən biri vakant vəzifəyə təyin olunmalıdır. Bir çox hallarda müsabiqəni uğurla başa vuran namizədlərdən bəziləri ehtiyat kadrlar kimi qeydiyyata alınır və yalnız vakansiya elan edilərsə, müvafiq vəzifəyə təyin edilə bilirlər. Digər tərəfdən ehtiyat kadrların sayı artdıqca, həmin şəxslərin şansı da azalır.
Ehtiyat kadrlar siyahısında 2 il qalan şəxsin adı daha sonra oradan silinir...
Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, həmişə mövcud vakansiyaların sayı müsabiqədən keçən kadrların sayından az olur:
“Belə olanda həmin kadrlar ehtiyata götürülür və daha sonra vakansiya yaranarsa, həmin yerlərə işə qəbul olunur. Təklif az, tələb çox olduğu üçün ehtiyat kadrlar yaranır. Bu baxımdan ehtiyatda olan kadrların sayı getdikcə artmaqda davam edir. Bəzi hallarda 1 yerə görə müsabiqədən 5-7 nəfər keçir. Sıralama zamanı orada ən çox bal toplamış şəxslər dövlət qulluqçusu ola bilir. Və ya şəxsin vərdişləri, liderlik keyfiyyətləri, əməkdaşlarla münasibət qurmaq imkanları və.s nəzərə alınır.
Eyni zamanda bilirsiniz, dövlət qulluğuna qəbulla bağlı rəqabət böyükdür. Hər kəs istəyir ki, daimi əsaslı işə qəbul olunsun. Bu da istər-istəməz bir yerə bir neçə namizədin müraciət etəməsi ilə nəticələnir. Digər tərəfdən bu proseslərlə əlaqəli bəzən müəyyən dövlət orqanları tərəfindən süründürməçiliyə yol verilir. Düzdür, son illər bu məsələ bir az da sərtləşdirilib. Belə ki, Dövlət İmtahanı Mərkəzi tərəfindən birbaşa bütün dövlət orqanlarındakı vakansiyalarla bağlı məlumatlar alınır və dərhal həmin yerlər müsabiqəyə çıxardırılır”.
Ə.Nuriyev qeyd edib ki, ciddi nəzarətə baxmayaraq, yenə də bəzi dövlət orqanlarında müqavilə ilə işləyən şəxslər var:
“Belə olan halda ehtiyatda olan kadrların işə götürülməsində məhdudluq yaranır. Qanunvericiliyə edilən yeni dəyişikliyə görə, bir şəxs eyni təsnifatda olan bir neçə yerə imtahan verə bilir. Yəni birdən-birə bir neçə vakansiyaya iddia edə bilir. Əvvəllər yalnız bir istiqamət üzrə bu edilə bilirdi. Bunlar da müəyyən problemlərlə nəticələnir”.
Dövlət İmtahan Mərkəzindən (DİM) saytımıza verilən məlumata görə, hazırda müsabiqə üzrə 269, ləğv edilmiş dövlət orqanları üzrə isə 220 ehtiyat kadr var.