Rusiya prezidentliyinə namizədlərdən biri Qriqori Yavlinskinin olduğu təyyarədə hermetiklik pozulub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə təyyarə Qroznıdan Moskvaya qayıdarkən, enişə təxminən 40 dəqiqə qaldıqda baş verib.
Təyyarənin pilotu kəskin eniş etmək qərarı qəbul edib. Bununla əlaqədar sərnişinlərin təzyiqi aşağı düşüb və onlarda baş ağrısı qeydə alınıb. Q.Yavlinskinin özünün qulaqlarının müvəqqəti tutulduğu bildirilir.
İnsident Q.Yavlinskinin seçkiqabağı kampaniyasına təsir etməyib.
Hazırda təyyarədə hermetikliyin pozulmasının səbəbləri araşdırılır.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Onu da qeyd edək ki, insidentdən bir gün əvvəl Q.Yavlinski narkotiklərin qanunsuz dövriyyəsində iştirakda ittiham edilən "Memorial" hüquq müdafiə mərkəzinin çeçen nümayəndəliyinin sədri Oyub Titiyevin həbsinin uzadılması üzrə məhkəmənin iclasında olmuşdu. Və siyasətçi məhkəmədən xahiş etmişdi ki, Titiyev onun şəxsi zəmanəti altında azadlığa buraxılsın.