“Valideyn-Müəllim Assosiasiyası”nın (VMA) rəhbəri Şahin Rəcəboğlu bu qurum haqqında səsləndirilən tənqidlərə cavab verib.
Modern.az-ın məlumatına görə, Ş.Rəcəbov deyib ki, məktəbdə VMA-sı olmayan təhsil ocaqlarının bu qurum haqqında fikir bildirməsi düzgün deyil:
“Jurnalistlər də informasiya verərkən, yaxşı olar ki, işimizlə tanış olsunlar. Mən özüm tənqidə açıq adamam, istənilən bir yazını qəbul edərəm. Lakin bir şərtlə ki bizim işimizlə yaxından tanış olsunlar”
Ş.Rəcəbovun sözlərinə görə, VMA haqqında hansısa mənfi bir faktı araşdırmağa hazırdırlar: “Bir məktəb adını çəksinlər. Biz də araşdıraq görək ki, kim, harada, necə fəaliyyət göstərir. Bundan sonra öz modelimizi göstərək ki, bizim real fəaliyyət modelimiz nədən ibarətdir. Çünki bu mövzu çox geniş mövzudur”.
Şahin Rəcəbov “Valideyn-Müəllim Assosiasiyası”nın adına xələl gətirənlərin olduğunu istisna etməyib:
“Deyim ki, VMA-nın nüfuzunun kölgəsində gizlənib müəyyən işlərlə məşğul olan adamlar da olur”.
O, jurnalistlərdən narazılığını belə ifadə edib:
“Saytlarda bizim haqqımızda paylaşılan mətni oxudum. Sabiq təhsil naziri Misir Mərdənovun dövründən olan bir informasiya əsasında yazılan bir məqaləni təqdim ediblər. Heç bir ad çəkmədən, konkret məktəb ünvanlamadan bu addan necə sui-istifadə edirlər?”
Şahin Rəcəbovun sözlərinə görə, VMA ilə məktəb icmalarının, əslində heç bir fərqi yoxdur. O qeyd edib ki, VMA-nın özü bir icmadır:
“Mahiyyət baxımından da VMA icmadır. Adını dəyişməklə biz üslub və fəaliyyəti dəyişə bilmərik. Həmin məktəb icmalarının fəaliyyətində də bizim dəstəyimiz çox olub. Üzvlərimizin bir çoxu da həmin icmalarda iştirak edirlər”.
Qurum rəhbərinin sözlərinə görə, VMA-nın bəzi məktəblərdə fəaliyyətindən sonra məktəblərdən olunan şikayətlərin sayı nisbətən azalıb:
“Əslində VMA bütün qanunsuz yığımlara qarşıdır, Həmişə də məktəblərdə buna qarşı mübarizə aparırıq. Bu gün VMA aid olduğu məktəbin bütün həyatında iştirak edir. Bayramlarda heç vaxt pul yığmır, bununla qəti kəskin şəkildə mübarizə aparır. Belə bir icmanın yaradılmasının əsas məqsədi də bu cür qanunsuz pul yığımlarına qarşı çıxmaqdır. Hazırda valideyn könüllü şəkildə üzvlük haqqını təqdim edir, vergi orqanlarına hesababtlılıq sistemini də tətbiq etməklə məktəb həyatının bütün proseslərində iştirak edir. Üzvlük haqqının tətbiqinin də biz əslində tərəfdarı deyilik. Lakin o vaxt BMT-nin Uşaq Fondunda müzakirə olunarkən orada bu bir məsuliyət kimi qoyuldu. Çünki valideyn 1 manat üzvlük haqqı verəndə onun məsuliyyətini dərk edir. Pulun hara və necə xərcləndiyini tələb edir. Beləliklə, valideynin özünün nəzarət və tələb etmək imkanı artır. Bizim maliyə yığımı ilə məşğul olmağımız haqda bütün iddialar əsassızdır. Mən valideylərlə də görüşəndə, birmənalı olaraq hamısına bildirirəm ki, VMA-nın əsas məqsədi uşaqların təhsilə marağını artırmaq və valideynləri məktəbə cəlb etməkdir. Bütün əziyyət valideyn-şagird-müəllim üçbucağının qurulmasına sərf olunmalıdır”.
Şahin Rəcəbov məsələ ilə bağlı geniş mətbuat konfrası keçirəcəyini bildirib:
“Haqqımızda dərc olunan həmin informasiynanın da haradan verilməsi barədə, artıq məlumatlıyam. Biz müəyyən nazirliklərlə, təbii əlaqədə olmalıyıq. Bizi bu və ya digər şəxslərlə bağlamaq, əlaqələndirmək, sadəcə kimlərinsə marağında olan bir şeydir. Dövlət sənədlərində, təhsilin inkişafı strategiyasında da idarəetmə üsulluranın tətbiqi və şəffaflığın təmin olunması ilə bağlı bənddə VMA-nın adı qeyd olunur. Yəni dövlət bizi daim dəstəkləyib. Biz pr fəaliyyəti ilə, rolik çəkib işimizi reklam etməklə məşğul deyilik. Əvvəllər BMT-nin Uşaq Fondu bizə müəyyən maliyyə dəstəyi göstərirdi, layihələrimiz maliyələşdirilirdi. Son 2-3 il ərzində maliyyəsiz olaraq üzvlük haqqı hesabına özümüzü saxlayırıq və durmadan çalışırıq. Heç bir sözə baxmadan, öz işimizlə məşğuluq”.