Modern.az

Azərbaycan Memarlıq və İnşaat Universitetində Hüseyn Cavidin xatirəsi anılıb - FOTOLAR  

Azərbaycan Memarlıq və İnşaat Universitetində Hüseyn Cavidin xatirəsi anılıb - FOTOLAR   

15 Mart 2018, 20:44

 

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 24 oktyabr 2017-ci il tarixli Sərəncamının tələbinə uyğun olaraq silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində YAP Qadınlar Şurasısı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Az.MİU-nun akt zalında  Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Salatın Əhmədli Hüseyn Cavidin həyatı və yaradıçılığı haqqında geniş məruzə edərək bildirib ki, Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Natiq, daha sonra böyük dramaturqun həyat yolları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə söz alan  Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Hüseyn Cavidin yaxın qohumu Tağı Əhmədov tarixə ekskurs edərək böyük dramaturqun fəaliyyət göstərdiyi illərdə mürəkkəb siyasi mühitdən söhbət açıb, Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına bu gün verilən qiymətə görə dövlət başçısı İlham Əliyevə cavidsevərlərin minnətdarlığını çatdırıb.

Daha sonra söz Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmlər doktoru Gülbəniz Babaxanlıya verilib. O, Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinə aid materialların toplanması, qorunması, tədqiqi və təbliği haqqında geniş söhbət açıb,

Hüseyn Cavidin nəşini uzaq Sibirdən doğma Azərbaycana gətirən Həmid Cəfərovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Natiq həmin günləri belə xatırlayıb: Qüdrətli Azərbaycan şairi və dramaturqu, taleyinə  ağrılı-acılı, məşəqqətli  bir ömür yazılmış Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərib. Təsadüfi deyildir ki, Hüseyn Cavidin xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Belə bir tarixi və şərəfli işdə müdrik şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olub. Otuz beş il əvvəl məhz Heydər Əliyevin  təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən  Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi Ulu Öndərimizin  tarixi xidmətlərindəndir. 1982-ci il  oktyabrın 3-də Heydər Əliyev  Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd   göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb tapılması və nəhayət, onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu. Və biz Cavidin nəşini Heydər Əliyevin xeyir-duası ilə  uzaq Sibirdən Azərbaycana gətirdik...

Əməkdar artist Nuriyyə Hüseynovanın çıxışı və ifaları isə tədbirə xüsusi rəng qatıb.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin ifasında musiqinin müşayiəti ilə şairin şeirləri səslənib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

İlham Cəmiloğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi