Modern.az

Neftin qiyməti niyə dəyişdi? - Ekspert ŞƏRH ETDİ

Neftin qiyməti niyə dəyişdi? - Ekspert ŞƏRH ETDİ

29 Mart 2018, 12:53

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının artdığını açıqlayıb. Bildirilib ki, ötən həftə neft hasilatı 1,6 milyon barel (0,4 faiz) artımla 429,9 milyon barel olub. ABŞ-da xam neft hasilatı son 11 həftədə 10 dəfə yüksəlib.

EIA-nın mart hesabatına görə, ölkənin builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel, gələn il isə  gündəlik orta hesabla 11,3 milyon barrel olması nəzərdə tutulur. Məlumatın açıqlanmasından sonra neft qiymətləri düşüb.

Bu məqamda isə İraqın neft naziri Cabbar əl-Layibi bildirib ki, neft ixrac edən ölkələrin bəziləri neft hasilatının məhdudlaşdırılması barədə OPEC və OPEC-ə üzv olmayan ölkələr arasında bağlanmış sazişin müddətini yarım il uzatmağı təklif edirlər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a deyib ki, ABŞ-ın neft ehtiyatlarının artımı ilə bağlı hesabatın açıqlanması artıq neft qiymətlərinə təsir etməyə başlayıb:

“Həftənin əvvəlinə qədər neft qiymətləri 71dollara qədər yüksəlmişdi. Bu gün isə neft 68.91 dollardır.  Ötən günlə müqayisədə qiymətlərdə 1,3 faiz enmə var. Burada da ABŞ faktoru mühüm rol oynayır.

Faktiki olaraq neft qiymətləri 70 dollar baryerini aşmamışdı. Ötən həftə neft qiymətlərinin yüksəlməsi isə bazara ötürülən pozitiv bəyanatlarla bağlıdır.

Bu bəyanatlar dünyanın ən böyük neft hasilatçısı, OPEK-in “lokomotiv”i sayılan Səudiyyə Ərəbistanı tərəfindən verildi. Bu isə 2016-cı ilin sonuncu konfransında neft hasilatının azaldılması ilə bağlı qəbul edilən qərarların 2019-cu ildə də saxlanılması ilə bağlı səsləndirilən təkliflərdir. Bu, aprelin 20-də OPEK VƏ OPEK+ ölkələri arasında keçiriləcək görüş əvvəli verilən bəyanatdır. Çünki növbəti görüşdə ayrı-ayrı ölkələrin müəyyən olunmuş kvotalara nə dərəcədə riayət etdiyi monitorinq ediləcək. Bu baxımdan belə bir görüş ərəfəsində verilən bu cür bəyənat bazar iştirakçıları tərəfindən çox rəğbətlə qarşılandı və bazara çox pozitiv təsir etdi”.

 

Ekspertin sözlərinə görə, beynəlxalq maliyyə institutları, qurumların bütün proqnozları dünyanın ÜDM-nin cari və gələn il üçün artıma doğru gedəcəyi yönündədir:

“Artıma olduqca, enerjiyə olan tələbat da artır. Proqnozlardan da görünür ki, bu ilin sonu, növbəti ilin əvvəli üçün neftə olan tələbat artacaq. Proqnozlara görə neftə olan tələbat 100 milyon barreli ötəcək. OPEK və onu dəstəkləyən ölkələr hasilatı artırmayacağı təqdirdə neftin qiyməti bahalaşacaq.

 

Bu ilin 1-ci rübününü yekunlarına görə, brent markalı neftin orta qiyməti 67 dollardan yüksəkdir. Ötən il noyabrın sonunda neft qiymətlərinin cari il üçün 56-57 dollar olacağı proqnozlaşdırılırdı. Amma 1-ci rübün nəticələri həmin proqnozları yaxşı mənada alt-üst etdi. Yanvar ayındakı pozitiv qiymətlərdən sonra bu “planka”nı qaldırdılar. Hazırda qiymətlər 59-61 dollar arasında dəyişir. Ancaq ötən il brent markalı neftin orta qiyməti 54 dollar olub. Bu ilin 1-ci rübünü ötən ilin anoloji dövrü ilə müqayisə edərkən 13 dollarlıq qiymət yüksəlişi meydana çıxır. Onu da nəzərə almaq lazımdır ki, 1-ci və 4-cü rüb payız-qış mövsümü ilə əlaqədar neftə tələbat çox olur. Bu baxımdan yaz-payız aylarında neft qiymətlərinin nisbətən ucuzlaşması ehtimalları var. Amma bunun bazara neqativ təsirləri olmayacaq. Çünki mövsümü xarakter daşıyır. Rusiyanın Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi neftin qiymətlərinin 3 ssenari üzrə müəyyən edib. Onların ən neqativ proqnozunda neftin qiyməti 40 dollar göstərilib. Amma hələlik bazarda bu qiymətə rəvac verən amillər sezilmir.

ABŞ-ın fevral ayı üçün açıqladığı məlumatlarda göstərilib ki, neft hasilatı 10, 4 milyon barrelə çatıb. Fantastik sayılacaq rəqəmdir və 1970-ci ildən sonra ilk dəfə belə bir rekorda imza atdılar. Qanunauyğun olaraq neft hasilatı artdıqca qiymətlər düşməlidir. Ancaq neftə tələbat artdığından qiymətlər enmir. Xüsusilə son 50 ildə şimal yarımkürəsində enerjiyə olan tələbatın yüksək həddinin qeydə alındığını nəzərə almaq vacibdir”.

 

OPEС 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə neft hasilatının oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEС-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə saziş imzalayıblar. 2017-ci il mayın 25-də isə OPEС-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində üzv ölkələr və sazişə daxil olmayan ölkələr neft hasilatının məhdudlaşdırılmasının 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılığa gəliblər. OPEС-ə üzv ölkələr və sazişə daxil olmayan ölkələrin 2017-ci il noyabrın 30-da OPEС Nazirlər Şurasının 173-cü iclası çərçivəsində keçirilən üçüncü görüşündə neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edilib. OPEС üzvü və OPEС-ə üzv olmayan ölkələrin bu razılaşmasına Azərbaycan da qoşulub. Ölkəmiz bununla əlaqədar, ötən il və cari ilin iki ayı ərzində bütün öhdəlikləri yerinə yetirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?