Sabah erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 100-cü ili tamam olur. Məlumdur ki, prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident Administrasiyası tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.
Bəs xarici ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatları 100 illiyə necə hazırlaşır?
Parisdəki “Azərbaycan evi”nin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Modern.az saytına soyqırımın ın 100 illiyi ilə bağlı görülən işlərdən danışıb:
“Bilirsiniz, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.
Biz də “Paris Azərbaycan evi” olaraq 31 mart azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar məlumat xarakterli məktub hazırlamışıq. Məktubda məhz erməni vəhşilikləri, qeyd etdiyim faktlar öz əksini tapıb. Bu gündən etibarən həmin məktubu rəsmi qurumlara, Avropa Parlamentinə, Fransa parlamentinə yollamağa başlamışıq”.
M.Fətəliyeva qeyd edib ki, azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Fransada hər hansı konfrans və ya tədbir nəzərdə tutulmayıb.