Azərbaycanda iki soyqırımı abidəsi var. Biri Quba Soyqırımı Memorial Kompleksi, digəri isə Bakıdakı “Ana harayı” abidəsi.
Qubadakı kompleks 1918-ci ilin martın 31-də erməni daşnaklarının qətlə yetirdiyi azərbaycanlıların xatirəsinə ucaldılıb.
“Ana harayı” isə Xocalı soyqırımı qurbanlarının xatirəsinə.
Bu gün ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayətin -1918-ci il 31 mart soyqırımı günüdür.
Maraqlıdır ki, Bakıda faciənin anılması ilə bağlı ab-hava hiss olunmur.
Milli Məclisin deputatı Elman Məmmədov da elə buna etiraz edir. Deputat Modern.az saytına açıqlamasında deyib ki, bu gün insanlar ən azından Bakıdakı “Ana harayı” abidəsini ziyarət edə bilərdilər.
“Ancaq biz bunu müşahidə etmirik. Bu, yaxşı hal deyil. Ən azından bəzi yerlərdə qara bayraqlar asıla ya da qara lent bağlana bilər. Lakin belə hala rast gəlinmir”-deyə E. Məmmədov bildirib.
Deputat təklif edib ki, soyqırımına məruz qalan azərbaycanlılarla bağlı ayrıca qanun layihəsi hazırlanmalıdır.
İsmət PAŞA