Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayevin seçkiqabağı təşviqat kampaniyası davam edir.
Cebhe.info xəbər verir ki, Razi Nurullayev bu gün Şamaxı seçicilərilə görüşüb. Görüş Şamaxı Mədəniyyət Evində baş tutub.
Görüşdən öncə Razi Nurullayev Türk Şəhidliyini və Cümə məscidini ziyarət edib. Razi Nurullayevin seçicilərlə görüşü Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlayıb.
Ardınca görüş iştirakçılarına Razi Nurullayev haqqında qısa məlumat verilib. Namizəd çıxışında Şamaxı seçicilərini öz seçki proqramı ilə tanış edib. Razi Nurullayevin çıxışında toxunduğu uşaq qidalarının istehsalı üçün fabrikin yaradılması məsələsi görüş iştirakçılarının diqqətini çəkib. Prezidentliyə namizəd Razi Nurullayev görüş iştirakçılarının bununla bağlı suallarını cavablandırıb, məsələyə tam aydınlıq gətirib. Onun “Mən hər birinizin dostu, qardaşı olmağa hazıram. Yetər ki, siz də məni elə qəbul edəsiniz” fikri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Razi Nurullayev həmçinin iqtidar-müxalifət münasibətlərinə toxunub, siyasi münasibətlərin Türkiyə modelinə diqqət çəkib.
AXCP sədri namizəd olduğu üçün “Yurd” rəhbəri Əli Kərimli və tərəfdarları tərəfindən təhqirlərə məruz qaldığını deyib: "Biz onlarla birlikdə 30 il radikal mübarizə apardıq. Amma heç nə əldə edə bilmədik. Artıq hər kəs anlamalıdır ki, radikal mübarizə effekt vermir. Mən bu gün radikal çıxışlar etsəm, xalqı itaətsizliyə, zor gücünə hakimiyyəti dəyişməyə çağırsam, heç nə əldə edə bilməyəcəyik".