“Toxumçuluq haqqında” Qanuna və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq regionlarda toxumçuluq və tingçiliyin genişləndirilməsi məqsədi ilə Nazirlik tərəfindən müvafiq tədbirlər görülür.
Aprelin 6-da Kənd Təsərrüfatı Nazirliyində, Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üzrə yaradılmış attestasiya komissiyasının sədri, nazir müavini İlham Quliyevin sədrliyi ilə Attestasiya Komissiyasının iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə daxil olan müraciətlərə təsərrüfat nümayəndələrinin iştirakı ilə baxılaraq, 10 təsərrüfat taxıl toxumçuluğu, 1 təsərrüfat taxıl və paxlalı bitkilər toxumçuluğu, 3 təsərrüfat taxıl və yonca toxumçuluğu, 1 təsərrüfat taxıl toxumçuluğu və meyvə tingçiliyi, 2 təsərrüfat meyvə tingçiliyi və 2 təsərrüfat kartof toxumçuluğu, 3 təsərrüfat meyvə tingçiliyi üzrə olmaqla, cəmi 22 təsərrüfatın toxum və ting istehsalçısı kimi qeydiyyata alınması barədə müvafiq qərar qəbul olunub. Təsərrüfatçılar qərardan razılıqlarını bildiriblər.
Kürdəmir rayonu, Xırdapay kənd sakini, fermer Elşən Hacıyev bildirib ki, arpa, yonca və buğda toxumçuluğu ilə məşğul olduğunu bildirib:
“30 hektar sahədə yonca, 400 hektar sahədə isə arpa-buğda əkmişəm, hər şey yaxşılığa doğru dəyişib. Sənədlərimi dekabr ayında elektron qaydada Kənd təsərrüfatın nazirliyinə təqdim etdim. Dünən zəng etdilər ki, gəl, sertifikatını al. Heç bir maneəyə rast gəlmədən, şəffaf şəkildə, bu gün sənədlərimi rahat təqdim etdilər”.
Salyan rayonu, Külqaraşlı kənd sakini Salman Salmanov 30 hektar sahədə taxıl əkdiyini deyib:
“Əlavə 20 hektarda pambıq, 8 hektarda isə yonca əkməyi planlaşdırıram. Mən də keçən ilin sonunda nazirliyə müraciət etdim və bu gün nazirliyə dəvət edilib sertifikatımı aldım. Qeydiyyatın elektron qaydada həyata keçirilməsi vaxta qənaət baxımından çox əlverişlidir”.
Xaçmaz rayonu, Hacılar kənd sakini Habil Məmmədov qeyd edib ki, sənədlərini elektron qaydada Kənd Təsərrüfatın Nazirliyinə təqdim edib:
“Nazirlikdən nümayəndələr gələrək yerlərdə sahəmə, toxumsaxlama anbarlarıma, kənd təsərrüfatı texnikalara baxış keçirdilər və müsbət rəy bildirdilər. Bu gün də çağırıb toxumçuluqla məşğul olmağıma dair sertifikatı təqdim etdilər. Çox rahat, heç bir maneə olmadan, şəffaf şəkildə öz sertifikatımı əldə etdim. 600hektar sahədə arpa-buğda əkirəm. Ondan 150 hektarı toxumçuluq sahəsidir. Əsasən yerli, öz sortlarımızı- buğdanın Qobustan, arpanın Qarabağ 22 sortlarını əkirəm”.
Qeyd edək ki, özəl toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən fermerlər sertifikat almaq üçün Elektron Hökumət portalı vasitəsilə ( E-GOV.AZ) müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, hal-hazırda ölkəmizdə 300-dən artıq toxum və ting istehsalçısı qeydiyyatdadır.