REAL Hərəkatı öz qurultayını keçirib. REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlamasında deyib ki, sosial şəbəkədə “Qurultay nümayəndələri” qrupu yaradılıb və təsis konfransı virtual olaraq keçirilib:
“Bilirsiniz, qurultayın keçirilməsinə yer ayrılması üçün bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, o cümlədən Bakıda fəaliyyət göstərən digər yerlərə dəfələrlə müraciət etmişdik, lakin müsbət cavab almamışdıq. Buna görə də qurultayı virtual olaraq keçirməyə qərar verdik. Qurultayda 254 qurultay nümayəndəsi iştirak edib. Səsvermə ilə partiyanın təsis olunması və Nizamnaməsi, proqram sənədləri, atributları qəbul olunub. Daha sonra REAL-ın qərargahında seçki məntəqəsi təşkil olundu, 184 qurultay nümayəndəsi səsvermədə iştirak etdi”.
N.Cəfərli qeyd edib ki, seçki bülletenlərinin qutuya atılması yolu ilə hazırda həbsdə olan Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin sədri İlqar Məmmədov 183 səslə partiyanın sədri seçilib:
“Qurultayda həmçinin partiyanın Məclisi də formalaşıb. Məclisdə 40 yer üçün 61 namizəd vardı. Bütün proses onlayn rejimdə qurultay nümayəndələrinə göstərilirdi. Partiya Məclisinə yerli Məclislərin də sədrləri daxil edilib, bunların sayı 18-dir”.