Modern.az

Azərbaycan əhalisinin sayı 9 milyon 911 min 472 nəfərə çatdı

Azərbaycan əhalisinin sayı 9 milyon 911 min 472 nəfərə çatdı

Aktual

10 Aprel 2018, 12:13

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1% artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az -a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub.

 

Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 23331, yaxud hər gün təxminən 395, saatda isə 16 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi    47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

 

2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.

 

Cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8065 nikah və 2383 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 756 nəfər gələn və 200 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 556 nəfər təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək