Xalqımızın və dövlətimizin inkişafında mühüm tarixi əhəmiyyəti olan 11 aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri yekunlaşıb.
Milli QHT Forumundan Modern.az-a verilən məlumata görə, bu seçkilər MSK tərəfindən 125 DSK üzrə 5641 məntəqədə keçirilib, o cümlədən, Azərbaycanın xarici səfirliklərində və konsulluqlarında 41 məntəqə yaradılıb.
Bəyanatda bildirilib:
Seçkilərdə qeydiyyata alınmış seçicilərin sayı 5 314 365, seçkilərdə iştirak edən seçicilərin sayı 3 959 553, qeydiyyata alınmış namizədlərin sayı 8 nəfər olub. Seçkilərdə müşahidə missiyasını yerinə yetirmək üçün 59 ölkədən 61 təkilatdan 894 nəfər beynəlxalq müşahidəçi və 58 175-dən çox yerli müşahidəçi qeydiyyata alınıb.
Azərbaycan Milli QHT Forumunun (MQF) qərarı ilə MQF seçki qərargahı yaradılmış, aprelin 11-də keçirilən prezident seçkilərini 118 dairə üzrə 590 və republika üzrə 30 müşahidəçi ilə vətəndaş cəmiyyəti institutu olaraq müstəqil müşahidə həyata keçirib.
MQF müşahidə missiyasının rəyi bundan ibarətdir ki, qanunların aliliyi və demokratik dəyərlər prinsipindən irəli gələrək, ölkədə azad, demokratik,şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Azərbaycan Respublikasının qanunvericiliyi və Mərkəzi Seçki Komissiyasıtərəfindən seçki prosesini tənzimləyən hüquqi sənədlərin qəbul olunması ölkədə demokratik seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün tam hüquqi təminat yaradıb. MQF seçki müşahidə missiyası seçkidən öncə və seçki günü apardığı monitorinq zamanı seçki qanunvericiliyinin və ya seçici hüquqlarının pozulması faktlarına rast gəlməyib. Ölkədə sərbəst toplaşma, seçki kampaniyasının təşkili, mitinqlərin və digər kütləvi tədbirlərin keçirilməsi, söz azadlığı və digər hüquqlar tam təmin olunub. Bundan əlavə, MSK tərəfindən 1000 məntəqədə video-müşahidə kamerası quraşdırılmış və bu məntəqələrdə seçkiləri onlayn müşahidə etmək imkanı yaradılıb. Səsvermə otaqları və seçki bülletenləri seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib olunub.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək, sıralarında 700-ə qədər QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu bəyan edir ki, bu gün Azərbaycanda 11 aprel 2018-ci il Prezident seçkiləri milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf, ədalətli şəraitdə keçirilib.
Azərbaycan Milli QHT Forumu bəyan edir ki, 11 aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkiləri baş tutub və onun nəticələri xalqın iradəsini əks etdirir.