Modern.az

Azərbaycan holdinqinin Türkiyədə açdığı telekanalla bağlı ANONSLAR

Azərbaycan holdinqinin Türkiyədə açdığı telekanalla bağlı ANONSLAR

12 Aprel 2018, 17:44

Azərbaycanın “Global Media” media holdinqi Türkiyədə TR24 adlı xəbər telekanalı açıb. Azərbaycanlı jurnalist, “Ölkə.Az” saytının baş redaktoru Məmməd Gülməmmədov TV-ə baş direktor təyin edilib. Şirkət bir müddətdir İstanbulda "Kanal 6” və "Cine 5” telekanallarının yerləşdiyi binada intensiv hazırlıq işlərinə başlayıb. 3 ayda yenilənən binada TR24-ün son texnologiyalarla təchizatı üçün lazımi şərait yaradılıb. TR24 bundan sonra Türkiyənin məşhur NTV, CNN Türk, "A Haber”, "Habertürk” kanalları ilə rəqabət aparacaq.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən M. Gülməmmədov bildirib ki, yeni kanal tezliklə yayıma çıxacaq:

“Kanalımız üçün  Türkiyədə populyar xəbər kanalları ilə rəqabət apara biləcək heyət və altyapı hazırlamışıq. İdarə heyətimizin sədri iş adamı Elnur Abdullayevdir, mən isə baş direktor vəzifəsini icra edəcəyəm. TR24-də Türkiyədə digər kanallardan tanınmış simalar fəaliyyət göstərəcək. Eyni zamanda Türkiyənin əksər bölgələrində nümayəndəliklərimiz olacaq və bu istiqamətdə artıq bir çox işlər  həyat keçirilib. Kanalımızın əsas məqsədlərindən biri Türkiyə ictimaiyyətinə xəbərlər çatdırmaqla yanaşı, Azərbaycan həqiqətlərini də  türk və dünya ictimaiyyətinə çatdırmaqdır”.

 

M.Gülməmmədov qeyd edib ki, bundan sonrakı fəaliyyəti daha çox Türkiyədə olacaq:

“Bilirsiniz ki,  mən “Ölkə.az”ın təsisçisiyəm və bu portal mənim övladım kimidir. Əlbəttə, orada fəaliyyətim davam edəcək. Amma 5 aya yaxındır, sayta  məsul redaktor təyin olunub, mən orada sadəcə təsisçi rolunu icra edirəm. Kanalın fəaliyyətinə gəlincə isə, məşhur, eyni zamanda beynəlxalq  jurnalistika prinsiplərini əsas götürən “Euronews” , “Foxnews”,  “CNN”, “BBC”nin ,  Türkiyədə  NTV, CNN Türk, “A Haber”, “Habertürk” kanallarının xəbər formatları və proqramları ilə yayıma çıxacağıq. Bu baxımdan daha çox Türkiyədə olacağam. Çünki televiziya kanalı çox böyük qurumdur və bu kanal 24 saat canlı yayım edəcək. Günümün əksər hissəsini kanalda keçirəcəyəm və buna görə də Türkiyədə yaşayacağam. Ümid edirəm ki, qısa müddətdə uğurlu fəaliyyətimizin şahidi olacaqsınız və Azərbaycan xalqının, ictimaiyyətinin dəstəyini görəcəyik”.

 

Müsahib deyib ki, TR24 kanalında azərbaycanlı simaları da görə biləcəyik:

“Bilirsiniz, Türkiyədə kifayət qədər azərbaycanlı  jurnalistlər var. Biz onların bir çoxu ilə görüşmüşük. Əlbəttə, biz də istəyirik ki, azərbaycanlı rəhbərin olduğu kanalda mütləq azərbaycanlı jurnalistlər olsun və böyük ehtimal olacaq. Digər tərəfdən televiziya olduğu üçün burda qüsursuz dil də vacib məsələdir. Bu baxımdan  əlimizdən gələn dəstəyi göstərəcəyik ki, heç olmasa bir qisim jurnalist  və ya televiziya siması azərbaycanlı olsun”.

Baş direktorun sözlərinə görə, Azərbaycan media orqanının qardaş ölkədə fəaliyyəti Azərbaycanın əlini daha da gücləndirəcək: “Türkiyədə deyərdim ki, kifayət qədər xəbər kanalı yoxdur. Bu ölkə təxminən 90 milyondan artıq əhaliyə malikdir. Düşündük ki, Azərbaycan media orqanının qardaş ölkədə fəaliyyəti Azərbaycanın əlini daha da gücləndirər, media sahəsində sözümüzü demək üçün daha çox platformamız olar. Məhz  bu məqsədlərlə Türkiyədə belə bir xəbər kanalının yaradılmasına ehtiyac duyduq. Bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə tərəfindən dəstək gördük.

Azərbaycanda isə bildiyiniz kimi iki yeni xəbər kanalı fəaliyyətə başlayıb. Ümid edirik ki, gələcəkdə bu say daha da artar. Hesab edirəm ki, azərbaycanlı təsisçilərin olduğu media orqanı digər ölkələrdə nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki müasir dünyada informasiya müharibəsinin əhəmiyyəti çox böyükdür. Azərbaycan dövlətinin, xalqının haqq səsini dünyaya çatdırmaq üçün öncə qardaş ölkədən başlamaq isə  yerində verilən qərardır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək