Dünən Milli Şuranın və Müsavat Partiyasının Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış birgə mitinqi baş tutdu.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Bundan öncə 31 mart tarixində də mitinq keçirilmişdi.
Aksiyalar adətən Bakı şəhərində baş tutur. Maraqlıdır, Milli Şura və ya Müsavat Partiyası bölgələrdə də mitinq keçirməyi planlaşdırırmı?
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev Modern.az saytına açıqlamasında bildirib ki, hər şey şəraitdən asılı olaraq dəyişir:
“Əgər hakimiyyət şərait yaradarsa, təbii ki, biz bölgələrə də mitinq keçirəcəyik. Və bununla bağlı məsələlər hazırda nəzərdən keçirlir”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, bölgələrdə mitinqlərin keçirilməsi siyasi situasiyadan asılıdır:
“İndiki situasiya isə o məsələlərin müzakirəsinin başlanmasına önəm verir. Buna görə də Müsavat Partiyası bölgələrdə mitinqlərlə bağlı müzakirələrə başlayacaq. Digər partiyaları bilmirik, amma bizim düşüncəmiz bu istiqamətdədir”.