Mayın 10-u dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabanda olublar.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra dövlət başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.