Bu yaxınlarda Mərdəkan-Şüvəlan ərazisində əsası qoyulan yeni incəsənət muzeyi yerli əhali və qonaqlara qapılarını açıb.
“Sima Art Muzey” adı altında fəaliyyət göstərəcək yeni qalereyada insanlar məşhur Azərbaycan və Avropa rəssamlarının əsərləri ilə tanış ola biləcəklər.
Qalereyada nümayiş etdirilən əsərlərin əsas hissəsini ehtiyyatda olan polkovnik Zəlimxan Hüseynovun kolleksiyasi təskil edir.
Muzeyə əsas yaraşıq qatan nümunələr rəssamlar Cavad Mircavadov və Həbib Bağırovun əsərləridir. Bunların arasında C. Mircavadovun dörd əsərini xüsusilə qeyd etmək olar. Onlardan ən məşhuru isə giris qapısı ilə üzbəüz asılan 200x220 sm ölçüsündəki “Xəzər qayığı” əsəridir.
Qeyd edək ki, qalereyanın təsisçisi və ideya müəllifi Zəlimxan Hüseynov, müdiri isə peşəkar rəssam Vasif Səftərovdur.
Muzeyin yaradılmasının əsas məqsədi əhalini incəsənət sahəsində maarifləndirmək, yerli və əcəbi rəssamların bir yerə toplanmasına, fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.
Muzeyin ilk qonaqlarından biri Şüvəlan kəndinin ağsaqqalı, Xalq rəssamı akademik Arif Əziz bu təşəbbüsü ürəkdən alqışlayaraq, xeyir duasını verib.
Muzeyi ilk günlərdə ziyarət edən qonaqların arasında görkəmli Azərbaycan rəssamlarından Qəyyur Yunis, Səmədağa Cəfərov, Nağdəli Xəlilov qalareyanın fəaliyyətində yaxından iştirak edib, öz məsləhət və tövsiyyələri ilə qalareyanin fəaliyyətinə töhfə veriblər.
Sənətsevərlər və adi qonaqlar qalareyanı mədəni istirahət yeri kimi qəbul edib boş vaxtlarını səmərəli keçirtmək üçün böyük həvəslə övladlarını gətirib rəsm əsərləri ilə tanış olurlar.
Ürəkaçan məqam isə muzeyə girişin sərbəst olmağıdır. Səhər saat 10:00 dan axsam saat 10:00 - dək fəaliyyət göstərən muzey bütün təbəqə üçün əlverişlidir.