Bəziləri ilahiyyatçı adı ilə çıxıb televiziyada şou düzəldirlər.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
A.Paşazadə bildirib ki, həmin insanlar dini təhqir edirlər: “Onlara ilahiyyatçı adını kim verir? Onların içərisində hətta yaşlı olanlar da var. Bizim din xadimləri hazırlaşıb televiziyaya çıxmalıdır, biz o yeri boş qoymamalıyıq. Çünki bəziləri televiziyada şou düzəltməyə başlayırlar. Bu bizim dinimizə yaraşmır”.
Allahşükür Paşazadə deyib ki, bəzi dairələr daxildən və xaricdən Azərbaycana təsir göstərmək istəyir.
O bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycanda dini qarşıdurma yaratmaqdır:
“Din amilindən istifadə edərək İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var. Erməni lobbisi də bu işdə fəaldır”.
QMİ sədri dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.