Modern.az

“Çox dəhşətli mənzərədir” - Elmira Axundova ŞOK RƏQƏMLƏR açıqladı  

“Çox dəhşətli mənzərədir” - Elmira Axundova ŞOK RƏQƏMLƏR açıqladı   

Aktual

4 İyun 2018, 15:28

“Son zamanlar respublikamızda avtomobillərin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yüksək standartlara cavab verən, müasir avtomobil yolları inşa edilərək vətəndaşların istifadəsinə verilir. Bununla bərabər biz yollarda baş verə biləcək qəzaların qarşısının alınması və burada nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Milli Məclisdə mütəmadi olaraq “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər edirik. Lakin bütün bunlara rəğmən avtomobil qəzalarının sayı günü gündən artmaqda davam edir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elmira Axundova deyib.

Deputat bildirib ki,  Əfv komissiyasının üzvü kimi iclaslarda müraciətlərə baxan zaman  görür ki, onların çoxu avtomobil qəzaları törədənlərə aiddir.


“Araşdırarkən məlum olur ki, həmin bu qəzaların baş vermə səbəbi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, sərxoş vəziyyətdə sükan arxasında əyləşmə və ən əsası isə sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsidir. Bir çox hallarda isə sürücülər 4 nəfərlik bir minik avtomobilinə 7-8 nəfəri mindirir. Nəticədə isə həddindən artıq yüklənən minik avtomobili müvazinəti tarazlaya bilmədiyindən qəza qaçılmaz olur”.

 

Deputat bildirib ki,  hər il ölkə üzrə orta hesabla 2 minə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınır, hadisə nəticəsində 300 nəfərə yaxın insan həlak olur və 600 nəfərə yaxın insan isə xəsarət alır.


“Təsəvvür edin ki, son 25 il ərzində ölkədaxili avtomobil yollarında 66 mindən çox yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min nəfərdən çox insan ölüb, 74 min nəfərdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çox dəhşətli mənzərədir və bu itkilər Qarabağ müharibəsində olan itkilərə bərabərdir, hətta deyərdim ki, əsl genosiddir”.

 

E.Axundova qeyd edib ki, sürücülük vəsiqəsi olmayan şəxslər tərəfindən avtomobil idarə edilməsi hallarına əsasən rayon yerlərində rast gəlinir:

“Ona görə də düşünürəm ki, Dövlət Yol Polisi genişmiqyaslı tədbirlərə başlamalı, bölgələrdə adına nəqliyyat vasitəsi olan bütün şəxslər yoxlanılmalı, həmin şəxslərin sürücülük vəsiqəsinin olub-olmaması aşkarlanmalı və bu istiqamətdə profilaktik tədbirlər görülməlidir. İkinci tərəfdən isə sürücülük vəsiqəsinin verilməsinə daha da məsuliyyətli yanaşılmalı, imtahanların keçirilməsində şəffaflıq təmin olunmalıdır. Artıq vaxt çatıb ki, yollarda vəziyyət köklü surətdə dəyişsin, sürücülərimizin və piyadalarımızın kütləvi qırğınına son qoyulsun”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər