Modern.az

Tibbi optikaçılıq fəaliyyəti göstərənlər sertifikasiyadan keçməli olacaqlar

Tibbi optikaçılıq fəaliyyəti göstərənlər sertifikasiyadan keçməli olacaqlar

Aktual

5 İyun 2018, 10:33

Tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan şəxslər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 5 ildə bir dəfə sertifikasiyadan keçəcək.

Modern.az-ın məlumatına görə, bu barədə yeni hazırlanan “Tibbi optika haqqında” qanun layihəsində göstərilib.

Yeni qanun layihəsinin 7-ci maddəsində (Optikaçılıq  və optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər)  göstərilib ki,  tibbi optikaçılıq və optometriya ixtisası üzrə mütəxəssis hazırlığı  ali və ya orta ixtisas təhsili müəssisələrində (fakültələrində), eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlıq kursları vasitəsi ilə həyata keçirilir.

Bu Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, Azərbaycan Respublikasında tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunan hazırlıq kursunu keçməli və imtahan verərək müvafiq şəhadətnamə (optikaçı şəhadətnaməsi və optometrist şəhadətnaməsi) almalıdırlar.  İxtisas şəhadətnaməsi müddətsiz verilir və şəxsin imtahanı müvəffəqiyyətlə verdiyini təsdiq edən sənəddir.

Həkim-oftalmoloqlar, tibbi optika və optometriya ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış şəxslərin tibbi optikaçılıq və optometriya xidmətləri göstərməsi üçün şəhadətnamə alması tələb olunmur.

Optikaçılıq  və optometriya fəaliyyəti ilə məşğul olan həkim-oftalmoloqların həmin müddətdə tibb müəssisəsində həkim-oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilmir.  

Optikaçı və optometrist şəhadətnaməsinin alınması üçün hazırlıq kursunun və ixtisas imtahanının təşkil olunması, şəhadətnamənin, onun dublikatının forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Tibbi optika və optometriya ixtisasları üzrə orta ixtisas və ali təhsilin məzmunu və təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan şəxslər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən beş ildə bir dəfə sertifikasiyadan keçirlər.

Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçriləcək iclasında müzakirə ediləcək.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər