Modern.az

Deputat büdcəyə edilən dəyişikliyi şərh etdi

Deputat büdcəyə edilən dəyişikliyi şərh etdi

29 İyun 2018, 16:36

“Düzgün qurulmuş iqtisadi-siyasət və dünya bazarlarında neftin satış qiymətindəki artım “2018-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsinə zəmin yaradıb. Düzgün hesablanmış büdcə ölkənin iqtisadi inkişafını təmin edir. Büdcəyə nəzərdə tutulan artımlar ölkənin ayrı –ayrı sektorlarında daha geniş həcimli işlərin görülməsinə imkan yaradacaq və bu da gələcəkdə büdcə gəlirlərinin artmasına və insanlarının rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərəcək”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Eldəniz Səlimov deyib.

 

Deputat bildirib ki,müzakirəyə çıxarılan “2018-ci il dövlət büdcəsi haqqında” qanun  layihəsində nəzərdə tutulan artım birbaşa neftlə bağlıdır.

 

“Amma, ölkə başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, iqtisadiyyatımızı diversifikasiya etməliyik və qeyri-neft sektoru inkişaf etdirməklə büdcəmizin neftdən asıllığını minimuma endirməliyik. Son illər dövlət başçımızın tapşırığı ilə ölkəmizdə bir sıra iqtisadi islahatlar aparılıb, biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafı istiqamətində kifayət qədər əhəmiyyətli addımlar atılıb.  Bu proses bu gün də davam edir. Məhz cənab Prezidentin rəhbərliyi ilə görülən işlərin nəticəsidir ki, bu gün dövlət büdcəsinin formalaşmasında özəl sektordan gələn gəlirlər kifayet qədər əhəmiyyətli yer tutur. Düşünürəm ki, iqtisadi sahədə aparılan islahatlar davamlı olmalı , qanunlarda yeni dəyişikliklər edilməli və ölkəmizdə yaranmış əlverişli biznes mühitindən də dövlət büdcəmizə gələn gəlirlər artmalıdır. Onu da qeyd etmək istəyirəm ki, vergilər naziri hörmətli Mikayıl Cabbarovun rəhbərliyi altında ölkəmizdə biznes mühitinin inkişafına xidmət edən yeni vergi siyasəti formalaşdırılır ki, bu da bu gün ümumilikdə qeyri-neft sektorunun inkişafında özünü göstərir.Düşünürəm növbəti addım olaraq  vergi məcəlləsində müəyyən dəyişikliklər etməliyik ki, gələcəkdə büdcəmizi formalaşdıranda qeyri-neft sektorun rolu daha da artsın”.

 

E.Səlimov qanun layihəsinin müzakirəsi zamanı  bəzi məsələlərlə bağlı təkliflərlə çıxış edib.

 

“İstehlak qiymətlərinin tərkibində yer alan ƏDV-nin dərəcəsinin differensiallaşdırılması, yəni müxtəlif məhsullara müxtəlif ƏDV faiz dərəcəsi tətbiq edilə bilər. ƏDV-nin diferensiallaşdırılması üzrə Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, İsveç, Niderland, Türkiyə, Fransa, Çin və digər ölkələrin təcrübəsi var. Biz də bu beynəlxalq təcrübəni öyrənərək onu yerli qanunvericilik aktlarımıza və yerli şərtlərə uyğunlaşdırmaqla ölkəmizdə bunun praktik tətbiqinə başlaya bilərik. Elə məhsullar, elə maşın və texnoloji avadanlıqlar var ki, onlar üçün əlavə dəyər vergisinin 18 faiz olması olduqca yüksək göstəricidir. Azərbaycan üçün lazım olan avadanlıqlar, o cümlədən qida məhsullarının əlavə dəyər vergisini diferensiallaşdırılmış şəkildə həyata keçirmək düşünürəm ki hazırkı vəziyyətdə ölkə iqtisadiyyatının dinamik inkişafının qorunub saxlanmasına, həmçinin qiymət siyasətinə müsbət töhfəsini verə bilər:

 

İdxal və İxrac zamanı malların gömrük dəyərinin müəyyən faizi (3-6 faiz) məbləğində vergi dərəcələrinin müəyyən edilməsi (qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi),

Muzdla işləyən fiziki şəxslərin gəlirləri 2500 manatdan çox olduqda tutulan gəlir vergisinin dərəcəsinin 25 faiz dərəcəsindən aşağı salınması.

 

Bir çox hallarda müşahidə edirik ki, bir sıra şirkətlər vergi yükünün azaldılması üçün yuxarı məbləğdə əmək haqqı alan işçilərinin əmək haqlarını düzgün şəkildə bəyan etməkdən yayınırlar . Hesab edirəm ki, bu dəyişiklik işçilərinə yuxarı məbləğdə əmək haqqı verən sahibkarları və iri şirkətləri işçilərinin əmək haqlarını daha şəffaf şəkildə bəyan etməyə, gəlir vergisi üzrə vergi daxilolmalarının artımına müsbət təsir göstərəcək.

-Turizm, otelçilik fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin müəyyən müddətə (3-5 il) 10 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunması və ya tamamilə azad olunması.

 

Son illərdə ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılan, ölkə iqtisadiyyatın diversifikasiyası siyasətində əsas yerlərdənbirini tutan turizmin inkişafına dəstək vermək baxımından düşünürəm ki, bu addımın atılması bu sahədə nəzərəçarpacaq dərəcədə inkişafa yol aça bilər. Bundan əlavə onu da qeyd etmək istəyərdim ki, vergi güzəştlərinin tətbiqi xarici investorların da ölkəmizin mövcud turizm potensialına marağının artmasına səbəb olacaq ki, bu da hər il ölkəmizə qoyulan xarici investisiya məbləğlərinin artımına müsbət təsir göstərərək, ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin olunmasına öz müsbət töhvəsini verəcək- deyə, Eldəniz Səlimov bildirib.

 

Deputat hesab edir ki, təklif etdiyi  dəyişikliklər ölkəmizdə sahibkarlığın inkişafına, vergidən yayınma halların azalmasına və dövlət büdcəsinə yığılacaq vəsaitlərin artmasına öz təsirini göstərəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər