Gürcüstan baş naziri Mamuka Baxtadze Almaniya kansleri Angela Merkelə gözlənilməz hədiyyə edib.
Modern.az xəbər verir ki, Baxtadze Almaniya kansleri ilə vida yeməyi zamanı musiqi sədaları altında 17-ci əsrə aid rəsm əsərini hədiyyə edib.
Bu barədə Almaniya kanslerinin rəsmi Instaqram səhifəsində göstərilib.
“Federal kanslerlə yemək zamanı Gürcüstan baş naziri Mamuka Baxtadze gözlənilmədən kansler Merkelə 17-ci əsrə aid rəsm əsərini hədiyyə edib. Bu şəkil 1945-ci ildə müharibə bitdikdən sonra Drezden muzeyindən yoxa çıxmış, daha sonra SSRİ-də, ən sonda isə Gürcüstanda meydana çıxmışdır” - səhifədə yazılıb.
Qeyd edək ki, hazırda Almaniya kansleri Angela Merkel Ermənistanda baş nazir Nikol Paşinyanla görüş keçirir. Bundan sonra onun Azərbaycana gəlişi planlaşdırılır.