Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti barədə ictimaiyyəti tanış etmək məqsədilə mediaturlara başlayıb.
Modern.az xəbər verir ki, bu il jurnalistlərin ilk baş çəkdiyi səhiyyə ocağı Lerik Rayon Mərkəzi Xəstəxanası olub.
Tibb müəssisəsinin baş həkimi Mübariz Ağayev bildirib ki, xəstəxana 82,8 min nəfərə tibbi xidmət göstərir.
Baş həkim qeyd edib ki, 83 mindən çox əhalisi olan rayonda əksər ucqar dağ kəndlərində tibb, yaxud həkim məntəqəsi var:
“Son illər Bakıya xəstə axını dayanıb, əvəzinə Lerikdə işləməyə gələn həkimlərin sayı artıb. İldə bir, yaxud iki xəstə paytaxt xəstəxanalarına göndərilə bilər. Telesəhiyyə xidməti yaradılandan sonra rayon həkimlərinin işi asanlaşıb, mütəxəssislərlə onlayn əlaqə yaradılır, müayinə və müalicənin gedişi izlənilir, tövsiyələr verilir”.
Baş həkim əlavə edib ki, Səhiyyə Nazirliyi son illər 10-dan çox həkim göndərib, indi yalnız bir neçə ucqar dağ kəndində müəyyən ixtisaslar üzrə həkimə ehtiyac var.