Azərbaycan Dövlət İqtisad Universitetinin professorları, Azərbaycanın eks maliyyə naziri, tanınmış ictimai-siyasi xadim Əvəz Ələkbərov və MDB məkanında, dünyanın əksər ölkələrində məşhur iqtisadçı alim, əməkdar elm xadimi Tofiq Quliyevin müəllifləri olduğları “Анатомия глобального экономического кризиса” adlı monoqrafiya Moskvada nüfuzlu “Ekonomika” nəşriyyatında işıq üzü görüb.
Modern.az xəbər verir ki, monoqrafiyanın rəsmi resenzentləri iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar iqtisadçısı, Təbiət Elmləri Akademiyasının akademiki, Rusiya Höküməti yanında Maliyyə Universitetinin Beynəlxalq iqtisadi əlaqələr üzrə elmi araşdırmalar İnstitututnun direktoru V.V.Perskaya və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmlər doktoru, professor, Rusiya Federasıyasının əməkdar elm xadimi, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının müdiri R.İ.Xasbulatovdur.
Bu monoqrafiya dünya iqtisadiyyatında baş verən qlobal təlatümlər və çağırışlar kontekstində müəlliflərin uzun illər apardıqları elmi araşdırmalarının məntiqi nəticəsi kimi ərsəyə gətirilmiş və dünya iqtisadiyyatında gedən mürəkkəb və ziddiyətli proseslərə aydınlıq gətirib.
Monoqrafiyada qloballaşma və onun müasir problemləri, qlobal iqtisadi böhran, maliyyə, valyuta, qiymət və digər aspektləri, dünya bank sisteminin böhranı və ssuda kapitalı, maliyyə kapitalı fenomeni, transmilli inhisar və antiböhran tənzimlənməsi məsələləri dərin elmi-analitik və məntiqi təhlil obyektinə çevrilib.
Müəlliflərin dərin, zəngin, nəzəri və praktiki təcrübəsi monoqrafiyanı müasir və sərrast bir elmi baxışa çevirə bilib. Xüsusi diqqət dünya maliyyə sisteminin böhranına, inkişaf etmiş ölkələrin borclanma xarakterinə, beynəlxalq kapitalın hərəkətinə və onun qlobal böhranla əlaqəsinə yönəldilmişdir. Kitabda qlobal iqtisadi böhrandan çıxış yolları göstərilib.
Monoqrafiya iqtisadçı-nəzəriyyəçilər və praktiklər, qlobal dünya iqtisadi böhranı ilə maraqlananlar üçün nəzərdə tutulur.