Dekabrın 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Mərasim əsaslı təmir və yenidənqurmadan sonra yeni istifadəyə verilmiş Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunda təşkil edilib.
Modern.az-ın məlumatına görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək əsaslı təmir və yenidənqurmadan sonra bu binada ilk tədbirin keçirildiyini bildirib. Qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeydə yaradılan şəraitlə tanış olaraq görülən işləri yüksək qiymətləndiriblər.
“Mədəniyyət işçilərinə göstərilən qayğı bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz bu gün dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olmuşdur”.
Yola salmağa hazırlaşdığımız 2018-ci ildə mədəniyyət sahəsində qazanılan uğurlardan söz açan Əbülfəs Qarayev bildirib ki, bu il bütün sahələrdə olduğu kimi, ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalacaq: “Belə ki, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili qorunma siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bütün bunlar müstəqilliyimizin bizə bəxş etdiyi imkanlar nəticəsində mümkün olmuşdur”.
Nazir mədəniyyət ictimaiyyəti adından bu sahədə xidməti olan yaradıcı insanların əməyinə verdiyi yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını bildirib.
Sonra mükafatlar sahiblərinə təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət” və “Əmək” ordenləri, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Xalq artisti”, “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” adları və “Tərəqqi” medalı ilə təltif olunanlara fəxri adların nişanı və vəsiqələri təqdim olunub.
Prezidentin sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunan Xalq artisti, aktyor Tariel Qasımov və başqaları çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açılaraq ölkə başçısına və Mədəniyyət Nazirliyinə minnətdarlıq ifadə olunub.
Mərasimdə həmçinin nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edilib.
Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.