Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalib layihəsi seçilmiş “Qalibiyyət, şəhidlər və şahidlər” başlıqlı sosial çarxın təqdimatı keçirildi.
Modern.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsələndirilməsindən sonra Anar Ağayi 2016-cı il aprel ayında baş verən döyüşlər zamanı vətənpərvər şəhidlərimizin göstərdikləri şücaətlər barədə 45 saylı məktəbin şagirdləri ilə birlikdə müzakirələr apardı.
Açılış tədbirində “Qalibiyyət, şəhidlər və şahidlər” kitabının müəllifi, jurnalist Aida Eyvazlı aprel döyüşləri barəsində, həmin döyüşlərdə şücaətlər göstərən qəhrəman Vətən əsgərlərimizin, hərbçilərimizin qəhrəmanlıqlarından danışdı, 2-5 aprel günlərində türk tarixinə adlarını qızıl hərflərlə yazdıqlarını söylədi. Aprel döyüşlərinin və döyüşçülərinin Azərbaycan tarixində xüsusi əhəmiyyəti olduğunu, hələ yüz illər bundan sonra da gələcək nəsillərin onları unutmayacağını bildirdi. Gəncləri qəhrəmanlardan öyrənməyə, onlardan ibrət götürməyə səslədi.
Daha sonra aprel döyüşlərində qəhrəmancasına şücaət göstərmiş, aprel ayında aparılan xüsusi əməliyyatlar zamanı şəhid olmuş Baş Kəşfiyyat İdarəsinin rəisi, polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, eyni zamanda 45 saylı məktəbin direktoru Axundova Nəcibə Novruz qızı şəhidimizin qısa və mənalı həyat yolundan, onun vətəni necə sevdiyindən danışdı. 45 saylı məktəbin 4E sinif şagirdi Aysun Allahverdiyeva isə aprel qəhrəmanlarına həsr olunmuş şeirlər səsləndirdi.
Aprel döyüşləri barədə suallara düzgün cavab verən məktəbin şagirdi Mətin Quliyeva Aida Eyvazlı tərəfindən “Qalibiyyət: şahidlər və şəhidlər” kitabı hədiyyə verildi. Tədbirin sonunda aprel döyüşlərinin iştirakşısı, şəhid Emin Bağırovun həyatından və Aprel döyüşlərindən bəhs edən sosial çarxın nümayişi oldu.