Modern.az

Yeni ilə “köhnə hamam, köhnə tas”la gedən Bakı metrosu

Yeni ilə “köhnə hamam, köhnə tas”la gedən Bakı metrosu

Aktual

27 Dekabr 2018, 13:11

Mətbuat səhifələrində “Bakı metrosunda sıxlıq, problem” başlıqlı yazılar artıq adi hal alıb. Anoloji hal bu gün qeydə alınıb. Belə ki, səhər saatlarında "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında sərnişinlər qatardan düşürülüb.

 

Bəs bu problemlər nə vaxt səngiyəcək? Növbəti ildə sıxlıq, nasazlıq olmayan vaqonların sərnişini ola biləcəyikmi? Qurum bu istiqamətdə hansı addımları atacaq?

 

Modern.az-ın bu qəbildən olan suallarını cavablandıran “Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qeyd olunan hal Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkətdə olan qatarın vaqonlarının birinin qapısında yaranan nasazlıqla bağlı olub:

“Amma ümumilikdə qatarda yaranan nasazlıqların səbəbi müxtəlifdir. Bugünkü hadisədə qatarın qapısında problem olub. Nasazlıq səbəblərinin araşdırılması üçün qatar depoya göndərilib. Əgər eyni problem eyni səbəbdən olursa, buna xroniki hal deyilir və əsaslı tədbir görülür.

 

Amma istənilən nasazlıq, səbəbindən asılı olmayaraq, sərnişin tərəfindən, yaxud texniki səbəbdən olubsa belə araşdırılır. Mütləq qaydada onun xroniki hal almaması üçün tədbirlər görülür. Metropolitendə nasazlıq, nöqsan və qüsur məsələsinə əsaslı yanaşılır. Məsələn, nasazlıq baş verən qatar təkcə həmin xidmətin öhdəsinə buraxılmır. Burada müfəttişlər, mütəxəssislər, aidiyyatı xidmətlər mütləq olur”.

 

B.Məmmədov sıxlıq səbəblərinin aradan qaldırılması üçün intervalın aşağı salınmasının mümkünsüz olduğunu bildirib:

 

“İnterval 2 dəqiqədən az ola bilməz. Bunun üçün ilk növbədə xətlər ayrılmalıdır”. 

 

Onun sözlərinə görə, intervalın pozulmasının böyük əksəriyyəti sərnişinlərin qapıları saxlaması ilə bağlıdır:

“Nasazlıqla bağlı gecikmə nadir hadisədir. Həm də bugünkü kimi qatar xətdən çıxarılsa da yerinə qatar verilir və qrafikdə pozuntu olmur”.

 

   

 

Qurum rəsmisinin açıqlamasından belə yəqin olur ki, yeni ildə də metropolitendə “köhnə hamam, köhnə tas” olacaq...

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım