Modern.az

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır

Aktual

27 Dekabr 2018, 20:22

“Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır. İctimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunub və təsirli nəzarət həyata keçirilir”. Modern.az xəbər verir ki,  bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə dekabrın 27-də "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən kollegiya iclasında məlumat verilib.

 

Kollegiyada dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamı çərçivəsində görülən işlərə toxunulub. Azadlıqdan məhrumetməyə alternativ, o cümlədən azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron qolbaqların tətbiqi daim genişləndirilərək artıq 500-dən çox məhkuma tətbiq edildiyi, ictimai işlər növündə cəzanın icrasında müsbət dönüşə nail olunduğu və təsirli nəzarətin həyata keçirildiyi vurğulanıb.

 

Həmçinin, mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu olan mediasiya institutunun yaradılması üzrə görülən tədbirlər, o cümlədən bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq, qanunvericiliyə bununla bağlı dəyişikliklərin edilməsinə dair layihələrin hazırlanması barədə məlumat verilib, habelə məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, o cümlədən normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən İcra Məcəlləsinin layihəsinin hazırlanması diqqətə çatdırılıb.

 

Eyni zamanda, Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası çərçivəsində ədliyyə fəaliyyətində şəffaflığın təmin edilməsi, ictimai iştirakçılığın tətbiqi, elektron xidmətlərin dairəsinin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə görülən işlərdən danışılıb, nazirliyin beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə toxunularaq cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.

 

Bununla yanaşı, kollegiyada qarşıda duran vəzifələr müzakirə olunaraq, növbəti ildə  prioritet istiqamətlər üzrə görüləsi tədbirlər müəyyən edilib, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqinin sürətləndirilməsi, əhalinin elektron normativ bazalara əlçatanlığının yaxşılaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, cəzaların icrası, tibb və ekspertiza sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərə dair və digər konkret tapşırıqlar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım