Dekabrın 27-də Qərbi Kaspi Universitetində ingilis dili müəllimlərinin Forumu keçirilib. Universitetin Sosial və Humanitar Məsələlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Rauf Həsənov Forumun məqsədi barədə məlumat verib.
Modern.az xəbər verir ki, forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, Qərbi Kaspi Universitetinin uzunmüddətli ixtisaslaşma və beynəlxalq əməkdaşlıq əlaqələri sayəsində əldə etdiyi təcrübəni bölüşmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarətdir.
Eyni zamanda Qərbi Kaspi Universitetində ingilis dilinin tədrisi barədə də məlumat verilib. Qeyd edilib ki, universitet bu sahədə qabaqcıl, uzunmüddətli təcrübəyə malikdir və öz tədris metodikasını, proqramlarını daim beynəlxalq standartlara uyğunlaşdırır. Universitetin tələbələrin bakalavr təhsilinin sonunadək ingilis dilində akademik səviyyədə biliklərə sahib olması onlara əmək bazarında layiqli yer tutmağa imkan yaradır.
Forumda dörd məruzə - Qərbi Kaspi Universitetinin müəllimləri - Filologiya və Tərcümə Məktəbinin dekanı, Ədəbiyyat üzrə fəlsəfə doktoru, dosent, Maurus Rollerin "Almaniyada Didaktika və Təhsil", Resursların inkişafı və şəhər işləri üzrə fəlsəfə doktoru, dosent Joseph Daubenmirenin "Azərbaycanda ingilis dilinin tədrisi xarici mütəxəssisin gözü ilə", Nigar Babayevanın "İngilis dilinin tədrisində didaktik metodların tətbiqi" və Xeyransa Zeynalovanın "İngilis dilinin tələffüzünün tədrisi metodları" mövzularında məruzələri dinlənilib.
Daha sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.