Bakı-Böyükkəsik qatarı qəzaya uğrayıb.
Bu barədə Modern.az-a Bakı-Böyükkəsik qatarının sərnişinləri məlumat verib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib:
“30 dekabr saat saat 03-15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km., piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb. Nəticədə toqquşma hadisəsi baş verib”.
S.Qədirovanın sözlərinə görə, dərhal görülmüş tədbirlər nəticəsində qəzanın qarşısı alınıb:
“Hadisə nəticəsində heç bir xəsarət alan olmayıb. Hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan olan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib. Bir daha qeyd edim ki, həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər”.