Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Modern.az xəbər verir ki, gənclərin bayram tədbirində YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, ərazi ilk prtiya təşkilatlarının sədrləri və gənclər iştirak ediblər.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qarşıdan gələn əlamətdar günlər münasibətilə xalqımızı, tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. Millət vəkili bildirib ki, arxada qalan illər kimi 2019-cu il dünya miqyasında özünün iqtisadi və siyasi inkişaf modelini təsdiqləyən ölkəmizin tərəqqisində əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək.
Millət vəkili Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının sıralarıda yer alan gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqlədiklərindən danışıb.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Gəncə şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, YAP Gəncə şəhər təşkilatı Aparat rəhbəri Tural Verdiyev, ərazi ilk prtiya təşkilatlarının sədrləri və digər çıxış edənlər YAP-ın gəncləri hakim partiyanı layiqincə təmsil etdiklərindən, dövlət gənclər siyasətinin icrası istiqamətində Gəncədə görülən işlərdən danışıblar.
Bayram şənliyində Gəncə Musiqi Kollecinin gəncləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Bir-birindən şux mahnılar, rəqslər, rəngarəng çıxışlar, viktorinalar alqışlarla qarşılanıb.
Tədbirdə 2018-ci ildə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətində seçilən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.