Binəqədi Rayon Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Modern.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, vəsatət təmin edilib, F.Bəşirobvun həbs müddəti 2 ay artıtılıb.
Qeyd edilib ki, bu il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.