Modern.az

Təbrizi xatırlayıram...  

Təbrizi xatırlayıram...   

2 Yanvar 2019, 01:32

Rəşad Məcid

İlk dəfə 2000-ci ildə redaktor həmkarlarımla birgə olmuşdum Təbrizdə. İranda səfərdəydik, proqramda nəzərdə tutulmasa da, israr etmişdik, mütləqTəbrizi görməliyik – demişdik, əlacsız qalıb bir günlüyünə aparmışdılar bizi Təbrizə! Ağdama bənzətmişdim onda Təbrizi. Yazı da yazmışdım o səfər barədə..

Bir də 2014 -cü ilin sentyabrında Şəhriyarın anım günündə Vaqif Bəhmənliylə birgə rəsmi tədbirə qatılmaq üçün getdik! "El" gölündə, açıq havada keçirilən tədbirdə Azərbaycan heyəti adından Vaqif Bəhmənli çıxış edirdi! Dinləyicilər arasında türkcəni bilməyən bəlkə 3-4 nəfər olardı, o da Tehrandan gələn rəsmilər. Amma yenə Vaqif Bəhmənlinin Şəhriyar barədə hər cümləsini farscaya tərcümə edirdilər! Bu isə çox kədərliydi əlbəttə…

Həmin o 4 günlük səfərimiz asudəliklə, rahatlıqla qalıb yaddaşımda. Təbrizi arın-arxayın gəzə bilirdik! Şəhriyarın ev muzeyi, Şairlər məqbərəsi, sadə insanlarla ünsiyyət, qədim Təbriz bazarı , çayxanalar , bardaş qurub oturdugumuz aşxanalar ..bizi keçmişə , klassik ədəbiyyat personajlarının dünyasına aparmışdı… Yuxu kimiydi!

Bəlkə ona görə Bakıya dönəndən sonra da bir neçə ay yuxudan ayılanda elə bilirdim Təbrizdəyəm! Yaddaşıma köçmüş şəhər, bir tərəfində sazın, aşığın başına yığışıb söz - musiqi dinləyənlər, bir yanda gitarada şirin Təbriz ləhcəsində oxuyan cavanlar, çəmənliyə palaz salıb, samovar qalayıb ailəlikcə dincələnlər…

Səmimi, saf aura, şirin danışıq, sadəlik. Elə biz də bu sadəliyə, rahatlığa qarışmışdıq, ayağımızı uzadıb çay içir, aş yeyir, nağıl yaşayırdıq. Qızların təbii gözəlliyinə xoruzun qıpqırmızı pipiyi kimi xələl gətirən aşırı sürmə də yadımdan çıxmır.

Elə bu düşüncələrlə çatmışdıq Bakı aeroportuna. Və yalnız səfər yoldaşım Esmira Fuad necə qarşılandığımı görmüşdü, xoşbəxtliyimin şahidi olmuşdu! Bakı məni bütün həsrətlərə meydan oxuyaraq, bütün ayrılıqların sonu kimi, tikanlı məftillərin qənimi kimi qarşılamışdı!!!

Nağıldan nağıla düşmüşdüm! Addımımı keçmişdən indiyə, regiondan paytaxta, platonik eşqdən real sevgiyə qoymuşdum,nəydi!? Bəlkə bu da Təbrizin ovsanatı idi, bilmirəm… Təbrizin aurası Bakıda uzun müddət yaşadı mənimlə… Öz sirrli sadəliyi ilə, nostaljisiylə… 

Amma elə indi də Vaqif Bəhmənlinin “Heydərbabaya salam”dan dediyi misralarını rahat dinləməyə qoymayan, farscasını beynimizə mismar kimi çalan tərcüməçinin səsi Təbrizə aid xoş xatirələrimə bir əlacsız kədər yükü qatır!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi