Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika “Xatirə Kitabı”nın redaksiyası və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...
...Yollar insan taleyinin açarıdır. Yollar böyük mədəniyyətlərin yayılma trayektoriyasıdır. Yollar inkişafdır, bölgələrin, xalqların daxildə və xaricdə tanıtım rəmzləridi. Yollar həm də ölüm-itimdi, saysız-hesabsız faciələrın, olayların şəhadət carçısıdı. Yollar müqəddəsdir. Ancaq baxır hansı cığırını bəşər övladının üzünə açanda... Şəhidlik yolu da var bu dünyada. Baxmayaraq ki, sonucu ölümlüdü, amma müqəddəs yoldu bu. Amaldı həm də. Vətəni qorumaq istəyi, Vətən üçün ölmək səadəti. Burası dərddi həm də. Sən demə, bundan da betəri varmış. İtkinlik dərdi. Nə çəkilməklə bitər, nə sonucu görünər, nə yaraların qaysağını sağalmağa, nə anaların göz yaşlarını qurumağa qoyar, nə doğmaların itik axtarışlarını başa çatdırar. İnsan və itkin! Nə qədər qəribə, nə qədər ziddiyyətli səslənir. Əlbəttə ki, səbəbi müharibələr, ədavətlər, düşmənçiliklər olmasa.
...İsmayıllıya bu dəfə məşhur Ağsu aşırımlarından keçib getməliydim. 14 km-lik yoldu Ağsu aşırımları. Bu rəqəmi yolboyu suallarımı cavablandırmağa o qədər də həvəsli olmayan sürücüdən dəqiqləşdirirəm. Sürücümüz bizi xəsisliklə məlumatlandırsa da, sürəti artırıb yolu tezliklə başa vurmaqda da acizdi. Çünki Ağsu aşırımları bir-birinin ardınca duman-çənə bürünür, yol tez-tez görünməz olur, yenidən açılır, yenidən tutulur, lap axtarışa çıxdığım qəhrəmanım, itkin-şəhid Xəqaninin həyat tarixçəsi, həyat yolu kimi. Sis-duman bu nahamar həyat yoluna bənzər başlanğıclı səfərimizi addım-addım getməyə məcbur edir bizləri. Sürücü üçün bunun bir o qədər əhəmiyyəti olmasa da, yolboyu qarşımıza çıxan bu müşahidələr məndən ötrü nə qədər düşündürücü, nə qədər müqayisəedicidir. Bunu başa düşmək üçün Xəqani taleyinə hələ az-çox bələdçiliyimiz də yetərlidi. Onun başına nələr gəldiyindən tam agah ola bilməsək də, bir Vətən oğlunun elə Vətənimiz yolunda özünü fəda edərək qurban getməsi bizdən ötrü nə qədər önəmli bir fakt, qürurverici yaşantıdır. Situasiyaların hansı kontekstdə davam etməsindən asılı olmayaraq.
Nəhayət, Ağsunun Bayraq meydanı deyilən ərazisinə çatırıq. Burada məni itkin-şəhidin qardaşı Qinyaz müəllim qarşılayır. Yolumuza davam edirik. Bu dəfə suallarıma tərəddüdsüz cavab verən sürücü Qinyaz müəllimin maşını ilə. Onu da məlumat üçün qeyd edim ki, Qinyaz müəllimgilin – Xəqaninin ata yurdu Gəraybəyli kəndi inzibati baxımdan İsmayıllı rayonuna aid olsa da, coğrafi yerləşməsinə görə Ağsu şəhərinə daha yaxındır, bu şəhərin 15 km-də yerləşir, İsmayıllı şəhərinə isə bu kənddən olan məsafə 45 km-dir. Bu 15 km-lik məsafəni itkin-şəhidimizin qardaşı ilə tanışlıq xarakterli söhbət aparıram. İllərlə qardaş itkisi yaşamış, qardaşının saysız-hesabsız axtarışlarına çıxmış, araşdırmalar aparmış Qinyazın çöhrəsindəki nisgili bu dünyada hələ heç kimdə görməmişəm. Əslində, faciə də, onun ağrı-acısı da tamamilə fərqli bir prizmanı sərgiləyir. O, mənimlə kifayət qədər sakit tərzdə danışmağa cəhdlər edir, amma bütün bunlar cəhd səviyyəsində də tamamlanır. Çünki mümkünsüzdü itkin qardaşın haqqında danışarkən emosiyaların baş qaldırmaması. Bunu anlayıram. Amma ondan daha çox şey öyrənməyə məcburam. Bunu işim, eyni zamanda eşitdiyim Xəqani taleyindən dolayı azərbaycançılıq hisslərim mənə diqtə eləyir. Əslində mən də emosionalam bu tükürpədici olaya yanaşmada. Başqa necə ola bilərəm ki!..
Qısa tanıtım: Xəqani Eyvaz oğlu Əkbərov 1968-ci il yanvar ayının 25-də doğulub. 1990-cı ildə Azərbaycan Neft Kimya İnstitutunun Neft-mexanika fakültəsinin axşam şöbəsinə qəbul olunub. Təhsil ala-ala Yusif Qasımov adına Bakı Sabunçu Maşınqayırma Zavodunda çilingər işləyib. 4-cü kursda oxuyarkən, 1993-cü il noyabr ayının 10-da könüllü olaraq öz ərizəsi ilə Qarabağa gedib. Burda Sabunçu batalyonunun tərkibində Ağdam rayonu ərazisində ermənilərə qarşı döyüşlərdə iştirak edib. Kəşfiyyatçı olub. 28 dekabr 1993-cü ildə Ağdamın Boyəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. İndiyədək haqqında heç bir rəsmi məlumat yoxdur.
... Bu da dağlar diyarı kimi tanınan İsmayıllının nisbətən aran hissəsində yerləşən Gəraybəyli kəndi. Azərbaycan kəndlərinin indiki boy artımında elə də böyük kənd deyil. 150 təsərrüfatdan ibarətdi. 700 nəfər əhalisi var. Onların da bir qismi iş-güc ardınca düşüb şəhərlərdə yaşayırlar. Əksər kəndlərimizdə olduğu kimi. Söhbətimiz əsnasında bəlli olur ki, Qinyaz müəllim bu kəndlə daha üç kəndin bazasında birləşdirilərək yaradılmış kənd bələdiyyəsinin sədridir. Həm rayon rəhbərliyi, həm kənd camaatı ona, özəlliklə Əkbərovlar ailəsinə böyük etimad göstərir. Onlar da imkan düşdükcə kənd camaatının dadına yetirlər. Ancaq Qinyaz müəllim tək-tək təşəbbüslərdən daha çox kənd miqyasında nisbətən böyük, həm də ümumun xeyirli gələcəyinə hesablanan layihələrin gerçəkləşdirilməsinin tərəfdarıdır. Kənd camaatının vəsaiti hesabına tikilən yeni məktəb binası da bu layihələrdən biridir. Təbii ki, söhbət kənddə yeganə təhsil ocağı, bizim qəhrəmanımız Xəqani Əkbərovun da məzunu olduğu Gəraybəyli kənd orta məktəbindən gedir. Yolumuzu öncə burdan salmağı təklif edirəm. Təbii ki, məktəb kontingentinin həmkəndliləri itkin-şəhidimizə və ümumən Qarabağ savaşına münasibətini öyrənmək niyyəti ilə.
Nəzirməmməd ZÖHRABLI