Modern.az

Bakıda polis kimsəsiz şəxsi sığınacağa apardı - FOTO

Bakıda polis kimsəsiz şəxsi sığınacağa apardı - FOTO

17 Yanvar 2019, 11:11

“Bu gün gecə saat 01:30 radələrində Nəsimi rayon ərazisində getməyə yeri olmadığı müəyyən edilən şəxs rayon polis əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına gətirilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

F.Talıbov qeyd edib ki, üzərində heç bir sənəd olmayan və özünü Rasim Abdullayev kimi təqdim edən şəxs sığınacağa yerləşdirilib:

“Tibbi müayinə olunub və hazırda sığınacaqda zəruri sosial-məişət xidmətləri ilə təmin edilir”.

Şöbə müdirinin sözlərinə görə, müayinə zamanı şəxsin müəyyən xəstəlikləri olduğu aşkarlanıb:

 

“İlkin tibbi müayinə zamanı onda psixi xəstəliklərin əlaməti, eyni zamanda sağlamlığında problemlərin olduğu müəyyənləşib. Hazırda sığınacaqdadır. Amma yaxın saatlarda səhiyyə müəssisəsinə müalicəyə göndəriləcək. Sağlamlığı ilə bağlı müayinə və müalicə olunacaq”.

 

Xatırladaq ki, ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Fondun həm 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağı, həm də Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi gücləndirilmiş iş rejimində işləyirlər. Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq həmin müəssisələrdə yerləşdiriləcəklər. Sığınacaqlarla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama