“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, son altı ayda iyirmi beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino sahəsində ən çox mükafat qazanan ekran əsəri kimi müəyyənləşdirilib.
“Edam günü” tammetrajlı bədii filmi isə son beş ayda səkkiz beynəlxalq festivalın qalibi olub.
Bu barədə Modern.az-a hər iki filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Cəlaləddin Qasımov bildirib ki, “Edam günü” və “Şollerin arxivi” bədii filmləri sinopsisinə baxıldıqdan sonra 72-ci Kann film festivalına nümayiş üçün qəbul edilib. Hətta hər iki filimin festivala qəbulu üçün ödəniş rüsumlarını belə özləri ödəyiblər.
““Şollerin arxivi” filmi keçən 2018-ci ildə də 71-ci Kann film festivalı qəbul edilmişdi. Lakin filmin maontajı tam olaraq hazır deyldi. Məlimat üçün deyim ki, “Şollerin arxivi” filmi tam olaraq iyul ayında hazır oldu.
Almaniyada keçirilən Bernardo film festifalına da “Şollerin arxivi” filminin sinopsisini göndərdim. Festifala baxış üçün razılıq versələr də, rüsumdan azad etmədilər, amma “Şollerin arxivi” filmi alman xalqının mədəni keçmişindən bəhs edir”.
C.Qasımov bildirib ki, film Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq və almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb ekran əsərinin xronometrajı 88 dəqiqədir.
“Edam günü” tammetrajlı bədii film psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.
“Mən həbsxana mövzusuna iki əks qütbdə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etmişəm”.
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir. “Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”,
Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Rövşən Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
Qeyd edək ki, bu ekran əsəri son beş ayda 8 beynəlxalq festivalın qalibi olub.