“Şollerin arxivi” bədii filmi 21-ci mükafatı qazandı. Belə ki, bədii film İtaliyada keçirilən “Social Machinery Film Festival” nominasiyasında “Ən yaxşı tarixi film” kateqoriyasında birinci yerə çıxaraq, kubok qazanıb.
Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov məlumat verib. O bildirib ki, “Social Machinery Film Festival” Festivalında 5 kateqoriyadan filmlər var idi. “Şollerin arxivi” filmi ən yaxşı tarixi film kateqoriyasında 1-ci olub. Festivalın təşkilatçıları tərəfindən texniki menecment, marketinq dəstəyi veriləcək ki, film kinoteatrlarda dünya film bazarında tanınsın.
“Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.
Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçı Faiq Nağıyevdir. Filmdə xalq artisti Sabir Məmmədov, əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.