Modern.az

Komitə sədri: “Lovğalıq olmasın, bələdiyyələrlə addımların atılmasına nail olduq”

Komitə sədri: “Lovğalıq olmasın, bələdiyyələrlə addımların atılmasına nail olduq”

25 Yanvar 2019, 15:14

Milli Məclisin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin ilk iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə adıçəkilən komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərin hesabatı və qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı daxil edilib.

 

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, son payız sessiyasında komitənin 7 iclası keçirilib və bu iclaslarda 16 məsələ müzakirə edilib.

 

Qeyd edib ki, hesabat dövründə komitəyə 86 müraciət, ərizə və şikayət daxil olub və onların 52-si baxılması üçün aidiyyəti orqanlara göndərilib.

 

Deputat sonra bildirib ki, yaz sessiyasında müzakirələri gözlənilən qanun layihələri bələdiyyələrin statusu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, bələdiyyə torpaqlarının idarə edilməsi haqda qanunlara, həmçinin, Torpaq Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktlarıdır. Bu sessiyada həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət funksiyasını həyata keçirən orqanın- Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin növbəti illik hesabatının müzakirəsi nəzərdə tutulur:

 

“Lovğalıq olmasın, biz bələdiyyələrlə bağlı növbəti addımların atılmasına nail olduq. Belə ki, biz hər zaman bələdiyyələrə dotasiyalarla yanaşı, subvensiyaların verilməsini də təklif edirdik. Artıq biz buna nail olduq. Yəni, büdcədə bələdiyyələrə 1 milyon manat həcmində subvensiyaların ayrılması nəzərdə tutuldu”.

Deputat Azər Badamov isə deyib ki, komitənin fəaliyyəti ötən dövrdə də məhsuldar olub. Onun sözlərinə görə, bu fəaliyyət cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır.

 

“Bu il bələdiyyələr üçün xüsusi ildir. Birincisi, bu il növbəti, 5-ci bələdiyyə seçkiləri keçiriləcək. İkincisi, bu il Azərbaycanda bələdiyyələrin fəaliyyətə başlamasının 20 ili tamam olacaq”. Bunu isə deputat Kamran Bayramov deyib.

 

O bildirib ki, bunlar bələdiyyələrin fəaliyyətində mühüm hadisələrdir:

 

“Hesab edirəm ki, hər iki hadisə bələdiyyələrin fəaliyyətində yeni mərhələ olacaq”. Adıçəkilən komitənin sədr müavini Fəttah Heydərov ölkədə turizmin inkişaf etdiyini, yüzminlərlə turistin Azərbaycana gəldiyini və bundan bələdiyyələrin də faydalandığını bildirib: “Çoxlu turistlərin gəlməsi çoxlu vəsait, kapital deməkdir. Heç şübhəsiz ki, bu vəsaitlərdən bələdiyyələrə də pay düşür. Turistlər də o yerlərə üz tutur ki, orada sabitlik, əmin-amanlıq olsun. Çox sevindirici və fəxr edilməli haldır ki, ölkəmizdə də sabitlik, dinclik, təhlükəsizlik, əmin-amanlıq hökm sürür. Ölkədə sabitlikdir, hər sahədə inkişaf yaşanır. Bunlar da təbii ki, Azərbaycan dövlətinin, ölkə rəhbərinin apardığı siyasətin nəticəsidir”.

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım