Bakıda "Fitoterapiyadan sağlamlığa" konfransı keçirilib. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, konfransda fitoterapiya ilə məşğul olan ən müxtəlif ixtisaslı həkimlər iştirak edib.
Türkiyədən gələn fitoterapevt M.Halis Ertaş son illər geniş tətbiq olunan bitkilərlə müalicələr, müalicəvi məqsədlərlə istifadə olunan bitki və bitki qarışıqları, onların istehsal qaydaları barədə danışıb. Tədbirdə bitki tərkibli dərmanların istehsalı ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Sonra müxtəlif xəstəliklərin müalicəsində fitoterapiyanın rolu ilə əlaqədar məruzələr dinlənilib.
Dövlət Təhlükəsizlik Xidməti Hərbi Hospitalının həkim-hepotoloqu Rəksanə Cəlilova alkoqoldan asılı olan və olmayan qaraciyər piylənməsi, həkim-nefroloq Taleh Nağdəliyev kalsium-fosfor mübadilə pozğunluğu, həkim-diyetoloq Şəfa Yadigarova insulin rezistenliyi, piylənmə və şəkərli diabet riskini artıran hormonal dəyişikliklər mövzusunda məruzə edərək həmin xəstəliklərin müalicəsi zamanı bitki məhsullarından istifadə edilməsinin faydası barədə məlumat veriblər.
Sonra konfransın təşkilatçısı, Dövlət Təhlükəsizlik Xidməti Hospitalının həkim-fitoterapevti Elnur Eldaroğlu müxtəlif xəstəliklərin müalicəsində fitoterapiyanın rolu barədə danışaraq tədbirə yekun vurub.