Modern.az

Tanınmış iqtisadçı sahibkarlarla bağlı hökumətə vacib təklif verdi  

Tanınmış iqtisadçı sahibkarlarla bağlı hökumətə vacib təklif verdi   

29 Yanvar 2019, 17:30

“Bu ildən yalnız mikrosahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər. Amma Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir”.

Modern.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, fərdi sahibkarlıq ilə məşğul olub illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur.

“Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə mikro sahibkarlar illik dövriyyəsi 200 min manatdan az olan və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə o deməkdir ki, fərdi sahibkarlıq ilə məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro sahibkar hesab olunmurlar. Qərarda mikro sahibkarların təsnifatı üçün “1” rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır”.

V.Bayramov deyir ki, Nazirlər Kabinetinin mikro sahibkarlıq subyektləri ilə bağlı bölgüsü beynəlxalq standartlara da uyğun deyil:

“Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan (< 10) sahibkarlıq subyektləri mikro hesab olunur. Yəni, işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır. Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı “1” rəqəmindən istifadə olunmur. Bu baxımdan, təklif edirik ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar mikro hesab olunsun. Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım