Azərbaycan mentalitetində özündən böyüklərə hörmət əsas yer tutur. Zaman-zaman gənclər və böyüklər arasındakı münasibət, səmimmiyət müxtəlif şəkillərdə özünü göstərib. Ötən əsrin gəncləri ilə indikilər arasında böyük fərq var. Belə ki, 10, 20 il əvvələ qayıtsaq, sanki valideyn-övlad, müəllim-tələbə arasında səmimiyyət bir başqa, indi bir başqa formada təzahür edir.
O vaxtlar böyüklərin yanında ucadan gülmək, danışmaq ayıb sayılırdısa, indi bu, adi hal alıb. Elə son zamanlar sosial şəbəkələrdə paylaşılan şəkillərdə valideynlərlə övladların, müəllimlərlə tələbələrin çox səmimi və sanki öz yaşıdı kimi duruş sərgiləməsi buna bariz nümunədir. Bir də görürsən tələbə əlini babası yaşda müəllimin çiyninə qoyaraq şəkil çəkdirib.
Münasibətlərin belə kəskin dəyişməsi, aradakı səmiyyətin çoxluğu nə qədər düzgündür?
Bu barədə ətraflı sosioloq Əhməd Qəşəmoğlu Modern.az-a danışıb.
“Təhsilin müxtəlif modelləri var: Amerikan, anqlo-sakson, Şərq ölkələrinin modeli və s. Bu modellərin hər birində davranış normaları müxtəlifdir. Bizdə isə hazırkı dövrdə çox təəssüf ki, təhsil modeli yoxdur. Müxtəlif təklif və konsepsiyalar var ki, Azərbaycanın da təhsil modeli yaradılsın. Bu model Azərbaycanın mənəviyyatına, dəyərlərinə uyğun olub, aparıcı tərəfləri əks etdirməlidir. Tarix boyu müəllimlə şagird arasında qarşılıqlı sevgi ilə bərabər müəyyən sərhəd olub. Müəllimlər heç vaxt imkan verməyib ki, o sərhədi şagirdlər keçsin. Bu, təkcə təhsil sistemində yox, ailədə də belə idi. Ata-ana öz övladlarını nə qədər çox sevsə də, onlar arasında müəyyən pərdə var idi. Ata ilə bu sərhəd daha güclü idi. Ağsaqqallar və ağbirçəklər də uşaqları nə qədər sevsələr də, müəyyən sərhədi həm onlar, həm də uşaqlar qorumağı bacarırdı”.
Sosioloq deyir ki, başqa ölkələri təqlid etmək düzgün deyil.
“Məsələn filmdə baxırıq ki Avropanın hər hansı bir ölkəsində müəllimlə şagird arasında çox səmimi münasibət, yaxınlıq var. Əgər yeniyetmə, gənc bunu təqlid etsə və müsbət hal kimi qiymətləndirsə, bu, işin xeyrinə yox, ziyanına olacaq. Keyfiyyətli təhsil almaq üçün də mütləq şəkildə mənəvi dəyərlər, adət-ənənələr qorunmalıdır. Səmimi münasibət, müəllimin şagirdə və ya tələbəyə övladı kimi yanaşması gözəl haldır, lakin bu o demək deyil ki, hər iki tərəf aradakı sərhədi keçsin”.