Bir neçə ay sonra dekabrın 27-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək.
Dünya ölkələrində, xüsusilə qonşu Türkiyədə bələdiyyə seçkisi insanların böyük maraq dairəsində olsa da, nədənsə Azərbaycanda vətəndaşlar səsverməyə maraqlı deyillər. Bir sıra səlahiyyətlərə malik olan bu quruma marağın az olmasına səbəb nədir? İşin düzgün təşkil olunmaması ya vətəndaş etinasızlığı?
Məsələ ilə bağlı Modern.az-a danışan Deputat Tahir Rzayev deyir ki, bələdiyyələrin genişmiqyaslı işlər görməməsinə səbəb bələdiyyə insitutunun zəifliyi yox, vətəndaş təşəbbüskarlığının zəif olmasıdır:
“Bələdiyyələrin gördüyü işlərlə seçicilər vaxtaşırı maraqlanmalıdırlar. Bələdiyyələrin işinin təşkili üçün hər bir şərait yaradılıb. Ölkə rəhbəri də dəfələrlə xatırladıb ki, bələdiyyələr yaxşı işləməli, kiməsə tabe olmamalıdır. Lakin bələdiyyələr bunu edə bilmirlər. Səbəb isə vətəndaşların seçkilərdə düzgün iştirak etməməsidir. Yəni seçicilər fikir verməlidir ki, seçdikləri insanın əvvəlki fəaliyyəti necə olub, ölkəyə, seçdikləri əraziyə nə kimi xidmətlər göstərib. Digər tərəfdən, insanlar seçimdən sonra daimi olaraq bələdiyyənin fəaliyyəti ilə maraqlanmalıdırlar. Əgər bələdiyyə öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmirsə, qanun var ki, yenidən seçkilər keçirilsin, bələdiyyə üzvləri dəyişdirilsin. Ən pisi də odur ki, seçkilər zamanı vətəndaşlar maraqlanmır ki, namizəd kimi kimlər siyahıda yer alıb, siyahıda olan şəxslərin ən azı 5-nə yox deyək. Bələdiyyələr də bu nəzarətdən kənar qaldıqları üçün onlarda təşəbbüskarlıq olmur. 5 il müddətində seçilirlər və demək olar ki, heç bir işlə məşğul olmurlar”.
Deputat bildirir ki, insanlar bələdiyyəyə maddi dəstək olmalıdır.
“Məsələn, xarici ölkələrdə bir sahibkar yaşadığı ərazidə məktəb tikdirmək istəyirsə, ilk növbədə bələdiyyəyə yaxınlaşır. Digər sahibkar da həmin məktəbi avtomobillə təmin dir, başqa biri uşaqları südlə təmin edir və s. Yəni insanlar bələdiyəyə yatırım etməkdə maraqlıdır. Həmçinin bələdiyyə yaxınlığında sahibkarın obyekti varsa, həmin sahibkar bələdiyyəyə vergi ödəyir. Beləcə bələdiyyənin maliyyə bazası formalaşır. Bizdə də bələdiyyələrin olduğu ərazidə istirahət mərkəzləri, otellər var. Lakin onlar bələdiyyəyə vergi ödəmirlər. Hətta bələdiyyələr əmlak, torpaq vergisini belə insanlardan ala bilmir, problem yaşayırlar. Belə olan halda da bələdiyyələrin büdcəsi formalaşmır. İnsanlar bələdiyyəyə müəyyən yatırım etməli, yatırım edəcəyi təqdirdə iclaslarda iştirak edib pulun nə üçün xərcləndiyi, görülən işlər barədə məlumat almalıdır. Qanunda da var ki, aylıq olaraq keçirilən iclaslarda görülən işlər yazılı şəkildə müxtəlif vasitələrlə insanlara çatdırılsın”.
İqtisadçı ekspert Natiq Cəfərov vurğulayır ki, seçkilərin canlı keçməsi üçün rəqabətli mühit olmalıdır:
“Dünya ölkələrində bələdiyyəyələr bizə nisbətdə geniş səlahiyyətə malikdir və yerli özünü idarəetmədə ən vacib orqandır. Lakin Azərbaycanda yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin oturuşması mümkün olmadı. Çünki bələdiyyələrin funksiyalarının böyük hissəsini icra başçılarının yerli nümayəndələri yerinə yetirir. Yəni idarəetmədə onlar söz sahibidirlər, əsas qərarları onlar qəbul edirlər. Bələdiyyələrin 1999-cu ildən bəri öz-özlüyündə səlahiyyətsiz bir orqana çevrilməsi prosesini gördük. 20 ildir ki, bələdiyyə institutu təsis edilib lakin insanların çoxu bu orqanı torpaq satışı ilə məşğul olan bir qurum kimi tanıyır. Qanunla da bələdiyyələr geniş imkanlar verilməyib. Bu imkanlar, səlahiyyətlər artırılmalıdır ki, rəqabətli bir seçki prosesi baş tutsun”.
Deputat Fazil Mustafa isə bələdiyyənin geniş səlahiyyəti olmadığı üçün insanların seçkilərdə iştirak etməkdə maraqlı olmadığını xatırladıb.
“Bələdiyyənin büdcəsi çox azdır, dövlət tərəfindən də kifayət qədər dəstək almır. Əvvəllər torpaq sahəsi alarkən bələdiyyələrə müraciət edirdik. İndi isə bəzi ərazilərin bələdiyyədə sənədi belə yoxdur. Verdikləri sənədin isə əksər hallarda hüquqi əsası olmur. Qonşu ölkə Türkiyədə isə bələdiyyənin böyük səlahiyyəti var, dövlətin özü qədər bələdiyyələr geniş imkanlara sahibdir. Buna görə də insanlar bələdiyyə seçkilərində, səsvermədə çox maraqlıdır”.