Yay mövsümü daxil olar-olmaz insanların istirahət üçün üz tutduğu məkanlar arasında dəniz, çimərliklər xüsusi yer tutur.
Bəs uşaqdan-böyüyə hamının sevə-sevə çimdiyi dəniz xəstəlik daşıyıcısı ola bilərmi? Su vasitəsilə yoluxma halları müşahidə olunurmu?
Dermotoloq Həmid Mustafayev Modern.az-a açıqlamasında deyib ki, kəskin periodda su vasitəsilə göbələk xəstəliyi yoluxa bilər.
“Su ilə keçən müxtəlif xəstəliklər var. Su çirkli olduğu halda infeksiya riski daha yüksəkdir. Lakin su ilə keçməyən xəstəliklər də var. Məsələn hepatitlərin, cinsi xəstəliklərin su vasitəsilə yoluxma təhlükəsi yoxdur. Onu da deyim ki, su özü də müəyyən qədər antiseptik və duz məhlulu olduğuna görə mikrobları zərərsizləşdirir. Əsas suyun bakteoroloji göstəriciləridir. Əgər suda bakteriyaların, potogen mikrobların miqdarı çoxdursa onlar müxtəlif dəri xəstəliyi yarada bilər. vvəlcədən xəstəliyə yoluxmanın qarşısını almaq mümkün deyil”.
H.Mustafayevin sözlərinə görə, xüsusi krem və ya məhlul yoxdur ki, yoluxmanın qarşısı alınsın.
“Əsas odur ki, təmiz sularda çiməsən. Hovuzlar xlorlandığına görə orada çimmək lazımdır. Mövsümlə əlaqədar su ilə yoluxma hallarına görə bizə müracitə edən xəstələr az deyil. Yay aylarında “əlvan dəmrov” xəstəliyi müraciət edən şəxslərə daha çox rast gəlinir”.
Avropa və Rusiya qaraciyər araşırdamaları dərnəyinin üzvü, həkim infeksionist Hicran Xıdırovanın sözlərinə görə Azərbaycanda su vasitəsilə infeksion xəstəliklərin keçmə halları müşahidə olunmur.
“Hər il Azərbaycanda çimərlik mövsümü başlamamışdan əvvəl dənizdə monitorinq aparılır. Hansı çimərliklərdə epdimoloji vəziyyət yaxşı deyilsə, orada çimmək bir müddət qadağa edilir. Buna görə də hər hansı xəstəliklə bağlı problem yaranmır. Su ilə bir sıra xəstəliklərin yoluxması demək olar ki, bütün dünyada rast gəlinir. Lakin Bakıda belə bir hal yaşanmır. Son dönəmlərdə su vasitəsilə infeksiyaya yoluxma ilə bağlı bizdə hər hansı bir şikayətə rast gəlinməyib”.